Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidməti alayının və Zaqatala rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının birgə iştirakı ilə reyd keçirilib. Bayram günləri ərəfəsində rayonlarda hərəkət intensivləşib. Reydin keçirilməsində məqsəd vəziyyətdən sui-istifadə etmək istəyən sürücülərin qanundan kənar hərəkətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görmək olub. Günorta saatlarından başlayan reyd axşam saatlarınadək davam edib.
Reyd zamanı yol polisi əməkdaşları tərəfindən 50-dən çox sürücüyə inzibati protokol tərtib edilib. Protokollar əsasən məcburi sığortanın olmaması, təhlükəsizlik kəmərindən istifadə olunmadan avtomobildən istifadə olunması, avtomobilin texniki baxışdan keçirilməməsi hallarına görə tərtib edilib.
Qeyd edək ki, reyddə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev də iştirak edib. Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, reydlər respublikanın əksər rayonlarında keçirilir. Bu gün keçirilən reydlər ölkənin şimal-qərb bölgəsində Zaqatala ilə yanaşı Şəki rayonunda da keçirilib.
Interpress.az