Çexiyanın Baş naziri Bohuslav Sobotka CT24 xəbər kanalına bildirib ki, Hana Humpalova və Antonie Chrastecka artıq Çexiyadadırlar.
Bu qadınların azad olduqları barədə məlumat martın 27-də – onlar Türkiyəyə gəldikdən sonra üzə çıxıb.
Məlumatlara görə, onların azad olunmasına Türkiyənin IHH xeyriyyə təşkilatı kömək edib.
Humpalova və Chrastecka quldurlar tərəfindən Pakistanın Bəlucistan əyalətində 2013-cü ilin martında girov götürülmüşdülər. Onlar avtobusla İrandan Hindistana gedirmişlər. Girovluqda olduqları dövrdə «facebook»da bu qadınların iki videosu yerləşdirilmişdi. Birinci videoda Humpalova və Chrastecka bildirmişdilər ki, səhhətləri yaxşıdır, amma həyatları təhlükədədir. 2014-cü ilin oktyabrındasa Çexiya hökumətinə yalvarırdılar ki, onların azad olunmasına kömək etsinlər, səhhətlərinin pisləşdiyini deyirdilər.
İnterpress.az