Azərbaycan XİN-dən ATƏT PA-na cavabbackend

Azərbaycan XİN-dən ATƏT PA-na cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, 1975-ci ildə imzalanmış Helsinki Yekun Aktının rəhbər prinsipləri və ümumi dəyərlərinə sadiqlik ruhunda keçirilmiş bu iclasın yekun sənədlərində ATƏT Parlament Assambleyasında təmsil olunan Azərbaycan millət vəkillərinin Xarici İşlər Nazirliyi ilə əlaqələndirilmiş şəkildə həyata keçirdikləri səyləri və ardıcıl fəaliyyəti nəticəsində ölkəmizin maraqlarına cavab verən fundamental məqamlar öz əksini tapıb: \”Bu xüsusda, Helsinki Bəyanatının 4-cü bəndində BMT Nizamnaməsi və Helsinki Yekun Aktına tam şəkildə hörmət edərək, güc tətbiq edərək hədələmək və ya güc tətbiq etməkdən çəkinərək və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edərək, ATƏT məkanında həlli uzadılmış münaqişələrin həlli üçün səylərin artırılmasına olan ehtiyac vurğulanır\”.

O, qeyd edib ki, 38-ci bənddə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquqa uyğun olaraq, razılaşdırılmış çərçivədə ATƏT məkanında olan həlli uzadılmış münaqişələrin həllinin təşkilat üçün prioritet olduğu bir daha vurğulanır: \”Azərbaycan nümayəndə heyətinin müəllifi olduğu “ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamədə Helsinki Yekun Aktının prinsiplərinin əsl mahiyyətinin təhrif olunması cəhdlərinə münasibətdə ciddi narahatlıq ifadə olunur və dövlətlərin bu prinsiplərə öhdəliyinin vacibliyi xüsusilə vurğulanır\”.

H.Hacıyev əlavə edib ki, qətnamədə Helsinki Dekaloqunda olan prinsiplərin üzvü şəkildə bir-biri ilə bağlı olduğu və onların bərabər və ümumilikdə tətbiq olunmasının vacibliyi qeyd olunaraq, bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməli olduğu kimi öhdəliyinin olduğu qeyd olunur: \”Bunun ardınca dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Eyni zamanda, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi bir daha nəzərə çatdırılır\”.

Onun sözlərinə görə, vacib məqamlardan biri də ondan ibarətdir ki, qətnamədə xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etmə məsələsinə də aydınlıq gətirilir. Qətnamənin 13-cü maddəsində yazılır: “.. (ATƏT Parlamenti) BMT Nizamnaməsi və beynəlxalq hüququn müvafiq normaları, xüsusilə dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə xalqların bərabər hüququ və öz müqəddəratını təyin etmə hüququnu təsdiq edir. Amma bu xüsusda vurğulayır ki, bu hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz”.

XİN rəsmisi deyib ki, qətnamədə münaqişə nəticəsində didərgin düşmüş Azərbaycan əhalisinin təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıtmaq kimi ayrılmaz hüququ bir daha təsbit olunur: \”Beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması hallarına diqqəti çəkən qətnamədə eləcə də dövlətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayət və beynəlxalq humanitar hüququn ciddi pozuntularını törətmiş şəxslərin istintaqa cəlb olunması və məhkum olunmasına və cəzasızlığa son qoyulmasına dair öhdəliklərini yerinə yetirməsinin vacibliyi vurğulanır. Bundan əlavə, “Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər” adlı qətnamədə beynəlxalq humanitar hüquq əsnasında dövlətlərin öhdəliyi və məsuliyyəti qeyd olunur\”.

H.Hacıyevin sözlərinə görə, nəzərə almaq lazımdır ki, ölkəmizin maraqlarına cavab bu fundamental məqamlar və haqqında bəhs olunan qətnamə Ermənistan nümayəndə heyətinin uğursuz cəhdlərinə baxmayaraq, ATƏT Parlament Assambleyasında təmsil olunan nümayəndələrin mütləq əksəriyyətinin dəstəyi nəticəsində öz təsbitini tapıb: \”Ermənistan bir daha özünün təcrid olunmuş vəziyyətdə olduğunu nümayiş etdirib. Ermənistan tərəfi anlamalıdır ki, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bu prinsiplərdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti bilavasitə Ermənistanın üzərinə düşür. Hərbi güc tətbiq edərək, Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq, hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərində mövcudluğu eləcə də regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir və qeyri-sabitliyin mənbəyidir\”.

O, əlavə edib ki, xalqların bərabər hüquqluluğu və öz müqəddaratını təyin etmə hüququ ərazi bütövlüyünə zidd şəkildə ifadə edilməli olmadığı halda, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğalını, o cümlədən ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiq etmə və ya güclə hədələmə, gücdən istifadə etməklə ərazilərin ilhaqı və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətləri ört-basdır etmək məqsədilə bu prinsiplər təhrif edilir: \”Mahiyyət etibarilə, beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəti mövqeyinin ifadəsi olan və baxılması üçün ATƏT-in üzv dövlətlərinin Nazirlər Şurasına təqdim olunan bu fundamental məqamlar mandatına uyğun olaraq, Helsinki Yekun Aktına əsaslanmalı olan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rəhbər prinsiplər kimi nəzərə alınmalı və onların icrası Ermənistandan tələb edilməlidir. Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü aradan qaldırıldıqdan və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh və sabitlik bərqərar ola bilər\”.

İnterpress.az