10 iyulda Helsinki şəhərində Helsinki Yekun Aktının imzalanmasının 40 illiyi münasibətilə ATƏT-in qeyri-rəsmi yüksək səviyyəli görüşü keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyəti toplantı iştirakçılarının diqqətini ATƏT məkanındakı həll olunmamış münaqişələrə çəkərək, Helsinki Yekun Aktında təsbit olunmuş dövlətlərarası münasibətlərin prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunan bu münaqişələrin Avropa təhlükəsizlik sistemində müşahidə olunan böhranın kökündə dayandığını və bu münaqişələrin son 25 il ərzində həll edilməmiş qalmasının bütövlükdə ATƏT regionunda sülh və təhlükəsizlik üçün ən ciddi hədə olduğunu vurğulayıb. Nümayəndə heyəti tərəfindən qeyd edilib ki, Helsinki Prinsiplərinin və ATƏT-in digər öhdəliklərinin iştirakçı dövlətlər tərəfindən təhrif edilməsi, onların tətbiqində selektiv yanaşmaya və ikili standartlara yol verilməsi ATƏT məkanında qeyri-sabitliyin yaranmasına səbəb olur, eləcə də mövcud münaqişələrin nizama salınması proseslərində durğunluğa gətirib çıxarmaqla, onların yenidən alovlanması riskini doğurur.
Xüsusilə, xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etmə hüququnun bəzi ATƏT iştirakçı dövlətləri tərəfindən özlərinin qeyri-qanuni əməllərini, o cümlədən dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə və ya güclə hədələmə, gücdən istifadə etməklə ərazilərin ilhaqı və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətləri ört-basdır etmək məqsədilə təhrif edilməsinin münaqişələri doğurduğu və onların həlli yolunda ciddi əngəl olduğu qeyd edilib.
Bu xüsusda, bir təşkilat kimi ATƏT-in fəaliyyətinin əsasını təşkil edən prinsiplərə hər hansı selektiv yanaşma və ikili standart olmadan əməl edilməsinin təmini istiqamətində fəaliyyətinin gücləndirilməsinin münaqişələrin həlli prosesinə töhfə verə biləcəyi vurğulanıb.
Toplantıda çıxış edən iştirakçı dövlətlərin mütləq əksəriyyəti tərəfindən Helsinki Yekun Aktının dövlətlərarası münasibətlər kontekstində öz əhəmiyyətini qoruyub saxladığı və Avropa təhlükəsizliyi sistemində mövcud böhrandan çıxış yolunun yalnız Helsinki Dekaloquna qeyd-şərtsiz əməl edilməsindən ibarət olduğu ifadə edilib. Bu müstəvidə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının xüsusi əhəmiyyət kəsb etdiyi və münaqişələrin həlli istiqamətində səylərin intensivləşdirilməsinin vacib olduğu bildirilib.
İnterpress.az