Milli Məclis və Mətbuat Şurası arasında Memorandum imzalanıbbackend

Milli Məclis və Mətbuat Şurası arasında Memorandum imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmzalanma mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, Milli Məclis jurnalistlərdən razıdır, lakin hərdən narazı qaldıqları cəhətlər də var.

N. Cəfərov bildirib ki, narazılıq doğuran cəhətlər informasiyaların, xüsusən qanunlarla bağlı informasiyaların düzgün verilməməsi, qeyri-dəqiq çatdırılması ilə əlaqədardır: “Biz çox istəyərdik ki, Milli Məclisin fəaliyyəti, qanunlar haqqında analitik yazılar işıq üzü görsün. Çünki bu analitik yazılar millət vəkillərinin qanunvericilik yaradıcılığında onlara bir kömək rolunu oynaya bilər. Bu sahədə parlamentdə akkreditasiya olunan jurnalistlərin üzərinə xüsusi missiya düşür”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, Milli Mətbuat Günü təkcə jurnalistlərin bayramı deyil, bütövlükdə Azərbaycan xalqının bayramıdır. Çünki hər bir xalqın ictimai-siyasi həyatında mətbuatın böyük rolu var: “O cümlədən, Azərbaycan xalqının inkişafında, tərəqqisində mətbuatın rolu böyükdür. Azərbaycanda mətbuat tarixi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzeti ilə başlayıb. “Əkinçi” qəzeti Azərbaycan xalqının inkişafında, tərəqqisində, ictimai-siyasi həyatında böyük rol oynayıb. Demokratik Cümhuriyyət dövründə mətbuatla bağlı qanun qəbul olunub və həmin qanun bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bu gün media və parlament üçün əlamətdar bir hadisə baş verir: “Bu gün Azərbaycan mətbuatı müstəqil surətdə öz inkişaf prinsiplərini ortaya qoyub və sürətlə inkişaf dövrünü yaşayır. Azərbaycanda söz, fikir azadlığı ilə bağlı kifayət qədər geniş qanunvericilik bazası formalaşdırılıb. Parlamentin fəaliyyəti də mətbuatda kifayət qədər işıqlandırılır, aparıcı qəzetlərin parlamentdə müxbirləri fəaliyyət göstərirlər. Bu, həm də parlamentin fəaliyyəti üçün dəyərlidir. Mətbuat Şurası, bütövlükdə jurnalistlərlə Milli Məclis arasında imzalanacaq bu sənəd Azərbaycan parlamentinin fəaliyyətini daha dərindən öyrənmək və media orqanlarında işıqlandırmaqla bağlı çox dəyərli bir sənəd olacaq”.

Daha sonra Milli Məclis adından N. Cəfərov, Mətbuat Şurası adından qurumun sədri Ə. Amaşov Memoranduma imza atıblar.

İnterpress.az