İlham Əliyev Mətbuat Şurası İdarə Heyəti üzvlərini qəbul edibbackend

İlham Əliyev Mətbuat Şurası İdarə Heyəti üzvlərini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə dövlət başçısına Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub.

Prezident İ. Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri və xalqımızı təbrik edib, bayram ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla təltif olunduğunu deyib. “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib” deyən İ. Əliyev 1998-ci ildə Heydər Əliyevin fərmanı ilə ölkəmizdə senzuranın ləğv edildiyini və bunun mətbuat tarixində yeni dövr açdığını bildirib. Bu gün mətbuatımızın inkişaf baxımından yeni səviyyəyə qalxdığını deyən dövlət başçısı artıq 12 ildir fəaliyyət göstərən Mətbuat Şurasının işini yüksək qiymətləndirib.

Ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən prezident İlham Əliyev bildirib ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu gün ölkəmizdə azad cəmiyyətin formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən dövlət başçısı bu məsələdə mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bu gün ölkədə yüzlərlə qəzet-jurnalın, televiziya kanalının fəaliyyət göstərdiyini, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü, bunun təməlində isə xalqımızın maraqlarının dayandığını deyib.

“Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur” deyən prezident İlham Əliyev bildirib ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlət başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da reaksiya verdiyini bildirib. Prezident İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb. Azərbaycanın beynəlxalq mövqeləri ilə bağlı fikirlərini bölüşən dövlət başçısı xarici mediada ölkəmizə qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində daha da əlaqələndirilmiş xarakter aldığını bildirib, buna səbəb kimi isə Azərbaycanın müstəqil siyasətini, ölkəmizin uğurlarını göstərib. O bildirib ki, erməni lobbisinin və digər dairələrin ölkəmizə qarşı apardığı qaralama kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir. “Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik” deyən dövlət başçısı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü və bu sahədə medianın rolunun artırılmasının vacibliyini bildirib.

“Xalqımız vahid və milli ideyalar ətrafında birləşib və bu proses bundan sonra da davam edəcək”, – deyən Azərbaycan prezidenti bununla bağlı mətbuatın üzərinə böyük vəzifələrin düşdüyünü xatırladıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə milli mətbuatımızın keçdiyi şərəfli yola nəzər salıb, Heydər Əliyevin medianın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri xatırladıb. Dövlət başçısının ölkəmizin inkişafı, cəmiyyətdə vətənpərvərlik ideyalarının möhkəmlənməsindəki xidmətlərinin media təmsilçiləri tərəfindən də yüksək qiymətləndirildiyini deyən Ə. Amaşov milli mətbuatın yaradılmasının 140 illiyi ərəfəsində media təmsilçilərinin bir qrupunun fəxri adlarla təltif olunmasına görə jurnalistlər adından prezidentə minnətdarlıq edib.

Ə. Amaşov Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə prezident İlham Əliyevin Mətbuat Şurasının xüsusi mükafatı ilə təltif olunduğunu deyib və mükafatı dövlət başçısına təqdim edib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Akif Aşırlı və Umud Rəhimoğlu da Azərbaycan mətbuatının inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər. Dövlət başçısı çıxışlarda səslənən təkliflərə baxılacağını və medianın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Sonra prezident İ. Əliyev milli mətbuatın 140 illiyi münasibətilə imzaladığı sərəncama əsasən Mətbuat Şurasının fəxri ad alan üzvlərinə mükafatları təqdim edib.

***

Görüşdə çıxış edən dövlət başçısı Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Prezident Azərbaycanda 1998-ci ildə senzuranın ləğv olunmasının müstəqil medianının yaranması və inkişafı üçün təkan olduğunu deyib. O bundan sonrakı mərhələdə isə özünü tənzimləmə strukturu kimi Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

Prezident mediada olan qeyri-peşəkarlıq meyllərinə də toxunub.

İnterpress.az