İyulun 25-də II və III qruplar üçün qəbul imtahanı keçiriləcəkbackend

İyulun 25-də II və III qruplar üçün qəbul imtahanı keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11-də başlanacaq və 3 saat davam edəcək.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 14-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahanda abituri­yentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunur. II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən, III ixtisas qrupunda isə riyaziyyat, tarix və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən son 4 sual açıq tipli test tapşırıqlarıdır.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Məlumat üçün bildirək ki, imtahanda 29 582 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15 835 abituriyent II qrup üzrə, 13 747 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 26 829 nəfəri (II qrup üzrə 14 052 nəfər, III qrup üzrə 12 777 nəfər) Azərbaycan bölməsinin, 2753 nəfəri (II qrup üzrə 1783 nəfər, III qrup üzrə 970 nəfər) isə rus bölməsinin məzunudur.

Abituriyentlərin 13 251 nəfəri (II qrup üzrə 9842 nəfər, III qrup üzrə 3409 nəfər) oğlanlar, 16 331 nəfəri (II qrup üzrə 5993 nəfər, III qrup üzrə 10338 nəfər) isə qızlardır. 28163 nəfər orta ümumtəhsil məktəblərinin, 19 nəfər ali təhsil müəssisələrinin, 1400 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 186 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1978-ci ildən, ən gənci isə 2000-ci ildəndir.

Bakı şəhərində 12765, Naxçıvanda 1458, Gəncədə 3686, Sumqayıtda 1537, Mingəçevirdə 1409, Şəkidə 1890, Ağcabədidə 1353, Göyçayda 1400, Şirvanda 1129, Lənkəranda 1837, Xaçmazda isə 1118 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunmasına 218 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2491 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

İnterpress.az