VHP sədri xalq artisti Flora Kərimovanı təbrik etdibackend

VHP sədri xalq artisti Flora Kərimovanı təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı xalq artistini təbrik edib.
Təbrikdə deyilir:

\”Sevimli Flora xanım!
Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz Azərbaycan musiqisinin təkrarsız ifalarına imza atmış, milyonlarla insanın qəlbini fəth etmiş, bənzərsiz səsə sahib olan sənətkarsız. Siz hər mahnını, orta və aşağı səviyyəli bəstələri ifa etməmisiniz, mahnıların musiqisinə, sözlərinə həssas yanaşıbsınız, buna görə də oxuduğunuz mahnıların bir çoxu xalq mahnısı kimi dillər əzbəridir. Sizin repertuarda Tofiq Quliyevin, Emin Sabitoğlunun, Elza İbrahimovanın, Oqtay Rəcəbovun, Ramiz Mirişlinin və başqa bəstəkarların bir-birindən dəyərli mahnıları əsas yer tutur. Gözəl səsinizlə dinlədiyimiz və ruhları yerindən oynadan “Ey vətən”, “Düşürsən yadıma”, “Saçlarına gül düzüm”, “Xəzərin sahilində”, “Gəl sevgilim, gəl görüşək”, “Qocalır anam”, “Qoruya bilmədim məhəbbətimi”, “Sevgimiz elə bu qədərmiş”, “Gecələr bulaq başı”, “Necə unudum səni?” və digər mahnılar insanı xəyalların ağuşuna atır, sonu görünməz ənginliyə aparır…
Siz yalnız səsinizlə deyil, fitri istedadınızla da XX əsr Azərbaycan incəsənətində, musiqi dünyasında, sənət dünyasında silinməz iz qoymusunuz. 1966-ci ildə Dövlət Opera və Balet Teatrının səhnəsində Leyli rolunun öhdəsindən məharətlə gəldiniz. “Qanun naminə” filmində Züleyxa rolunu istedadla yaratdınız. “Qayınana” filmində səslənən ariya da musiqi tariximizdə xüsusi yer tutur. Nə oxudunuzsa, nəyi ifa elədinizsə, ürəkdən oxudunuz, ürəkdən ifa elədiniz. Bütün bu uğurlara bir insanın, həm də zərif cinsin nümayəndəsinin imza atdığını düşünəndə, istedad və sənətkarlıq qarşısında baş əyməli oluruq.
Sevimli Flora xanım!
Hər zaman şövq saçan gözəlliyiniz və səsinizlə bundan sonra da xalqımızın sizinlə qürur duyacağına əmin olun. Sizin vətən sevginiz və millət yanğınız da əsl Azərbaycan xanımı örnəyidir. Sizi bir daha doğum gününüz münasibəti ilə təbrik edir, səsinizin Şuşada, Təbrizdə eşidilməyi diləyi ilə Sizə xoşbəxt illər arzulayıram\”.

İnterpress.az