Sürücülük vəsiqəsi verən yeni qurum müəyyən edildibackend

Sürücülük vəsiqəsi verən yeni qurum müəyyən edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunu və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi təmin edəcək.

Bu barədə Dövlət Müfəttişliyinin Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş Əsasnaməsində deyilir.

Bundan başqa, Dövlət Müfəttişliyi kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatını aparacaq, kənd təsərrüfatı texnikasının dövlət texniki baxışını keçirəcək və kənd təsərrüfatı texnikasından istifadəyə nəzarət edəcək.

Dövlət Müfəttişliyi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

– hüquqi və ya fiziki şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan kənd təsərrüfatı texnikasında zəmanət müddətində yaranmış nasazlığın müqavilə şərtlərinə uyğun olaraq aradan qaldırılmasına nəzarət edir;

– dövlət qeydiyyatına alınmış mexaniki nəqliyyat vasitələrinin rəsmi reyestrinin kağız və elektron daşıyıcılar üzərində aparılmasını təmin edir, onlara dövlət qeydiyyat nişanları və dövlət qeydiyyat şəhadətnamələri verir;

– kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatına alınması, dövlət texniki baxışının keçirilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün traktorçu-maşinist vəsiqəsinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron formada qəbul olunmasını təmin edir;

– müasir tipli texnikanın idarə edilməsi sahəsində ixtisaslı kadrlar hazırlanmasında iştirak edir;

– kənd təsərrüfatı texnikasının dövlət texniki baxışından keçirilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində məlumat verir;

– dövlət qeydiyyatına alınan dövlət texniki baxışından keçirilməmiş kənd təsərrüfatı texnikasını texniki baxışdan keçirir;

– texniki vəziyyəti qanunun və ya dövlət standartlarının tələblərinə uyğun gəlməyən, dövlət qeydiyyatına alınmayan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçməyən kənd təsərrüfatı texnikasının istismarını qadağan edir;

– dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının istismarı qaydalarının pozulmasının qarşısını almaq üçün tədbirlər görür və pozuntuların aradan qaldırılmasını hüquqi və fiziki şəxslərdən tələb edir;

– kənd təsərrüfatı texnikasının ipoteka müqaviləsinin qeydiyyata alınmasını və daşınar əmlakın rəsmi reyestrindən çıxarışın verilməsini təmin edir;

– traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri və təcrübi imtahanları keçirir, sürücülük vəsiqəsini verir və dəyişdirir;

– dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının dövlət qeydiyyat nişanlarının seriyalarına görə yerlərdə mərkəzləşdirilmiş qaydada elektron məlumat bazasının yaradılmasını və aparılmasını təmin edir;

– rayonlarda (şəhərlərdə) özəl aqroservislərin yaradılması və onların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə maarifləndirmə işi aparır;

– rayon (şəhər) texniki nəzarət müfəttişliklərinin fəaliyyətinə nəzarəti həyata keçirir və b.

İnterpress.az