Xədicə İsmayılovanın məhkəməsində Tural Mustafayev ifadə verib – YENİLƏNİBbackend

Xədicə İsmayılovanın məhkəməsində Tural Mustafayev ifadə verib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə
Tural Mustafayevin zərərçəkmiş şəxs kimi statusuna xitam verilməsi ilə bağlı vəsatətə baxılıb. Vəsatət təmin edilməyib. Hakim bildirib ki, hazırkı mərhələdə vəsatətin təmin olunması düzgün deyil, çünki bütün sübutlar araşdırılmalıdır.

Daha sonra şahidlərin dindirilməsinə başlanıb. Prosesdə Tural Mustafayevin atası Bulud Mustafayev ifadə verib.

O, Xədicə İsmayılovanı ilk dəfə gördüyünü bildirib. B. Mustafayev oğlunda hər hansı, o cümlədən psixi xəstəlik olmadığını da bildirib. Lakin Bakıda işləməyə başlayandan sonra bir dəfə rayona gələndə ona bezdiyini deyib. B. Mustafayev deyib ki, Rövşanə Rəhimova ona oğlundan Xədicə İsmayılovaya görə ayrıldığını bildirib.

Daha sonra Tural Mustafayevin keçmiş həyat yoldaşı Şəfa Rəsulova ifadə verib. Ş. Rəsulova ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib. O, keçmiş həyat yoldaşından 2014-cü ilin may ayında Rövşanə Rəhimovaya görə ayrıldığını bildirib.

Hakimin ibtidai istintaqda ona təzyiq olub-olmaması barədə sualına Ş. Rəsulova “yox” cavabı verib.

“Azadlıq” radiosunun Bakı bürosunda xadimə kimi çalışan Mətanət Abdinova,
radionun keçmiş əməkdaşı Gülnaz Quliyeva da prosesdə ifadə verib.

Daha sonra şahid qismində jurnalist Şahvələd Çobanoğlu ifadə verib. O, istintaqda Xədicə İsmayılovanın işi ilə bağlı dindirilmədiyini, ondan yalnız 2014-cü ilin dekabr ayında “Azadlıq” radiosu ilə bağlı ifadə alındığını deyib.

Ş. Çobanoğlu 2009-cu ildə “Fərqli düşüncə” adlı jurnal təsis etdiyini və nəşrlə “Azadlıq” radiosu arasında imzalanan müqaviləyə əsasən orada radioda yayımlanan məlumatların dərc edildiyini deyib. Qeyd edib ki, radio ilə bağlı müəyyən reklamlar da jurnalda yayımlanıb və bunun müqabilində onun bank hesabına vəsait köçürülüb.

Jurnalist Çingiz Sultansoy ifadəsində 2010-cu ilin may ayından “Azadlıq” radiosunda mülki müqavilə üzrə çalışdığını, orada redaktə, tərcümə işləri ilə məşğul olduğunu, fəaliyyətinə görə vergi ödədiyini bildirib.

Proses avqustun 11-də davam etdiriləcək.

***

Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılova bir sıra vəsatətlər qaldırıb. O, təcridxanada qohumları ilə şüşə arxasından görüşdüyünü deyib, eyni zamanda ailəsi ilə həftədə iki dəfə telefonla danışmağa şərait yaradılmasını istəyib.

Xədicə İsmayılovanın vəkili Cavad Cavadlı isə iş üzrə zərərçəkən kimi tanınan Tural Mustafayevin mediaya verdiyi açıqlamaların iş materiallarına daxil edilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatətlərin baxılmamış saxlanmasına qərar verib.

Daha sonra prosesdə iş üzrə zərərçəkən Tural Mustafayev ifadə verib. O, indiyə qədər məhkəməyə səhhəti ilə bağlı gəlmədiyini deyib.

T. Mustafayev ifadəsində onu X. İsmayılovanın intihar həddinə çatdırması ilə bağlı ibtidai istintaqa verdiyi ifadəsinin doğru olmadığını bildirib: \”O zaman əsəbi idim və ona böhtan atmaq istəyirdim”.

T. Mustafayev X. İsmayılova ilə “Azadlıq” radiosunda çalışanda tanış olduğunu da açıqlayıb.

Daha sonra prokurorun suallarını cavablandıran T. Mustafayev bildirib ki, radioda xidmət müqaviləsi üzrə işləyib, X. İsmayılova ilə 2013-cü ilin sentyabr-oktyabr aylarında tanış olub. O, X. İsmayılova ilə dostluq münasibətlərindən həyat yoldaşının xəbərinin olmadığını, həmişə spirtli içki qəbul etdiyini də deyib.

T. Mustafayevin ibtidai istintaqa verdiyi ifadələrlə indiki ifadəsi arasında kəskin ziddiyyətlər olduğu üçün ibtidai istintaqa verdiyi ifadələr elan olunub.

Vəkil Cavad Cavadlı isə T. Mustafayevin iş üzrə zərərçəkən kimi tanınmasına xitam verilməsini istəyib.

Bundan sonra T. Mustafayevin anası Nəzakət Mustafayeva ifadə verib. Bu zaman Tural Mustafayev və X. İsmayılovanın vəkilləri qadınının prosesdə dindirilməməsi ilə bağlı vəsatət qaldırıblar. Vəsatət təmin olunmayıb.

N. Mustafayeva ifadəsində oğlunun işlərindən, X. İsmayılova ilə münasibətlərindən xəbərsiz olduğunu, onun Göyçayda yaşadığı vaxt spiritli içki qəbul etmədiyini bildirib.

Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimova da prosesdə ifadə verib.

R. Rəhimova Turalla aralarında tez-tez mübahisə olduğunu deyib: \”Tural istəmirdi ki, mən Aynur İmranova ilə görüşüm. Hətta bir dəfə içmişdi butulkanı sındırdı, məni öldürməklə təhdidi etdi. Onun ciddi psixoloji problemləri var\”.

Tural Mustafayevin anası Nəzakət Mustafayeva isə R. Rəhimovanın danışdıqlarına etiraz edib, onun oğluna şər atdığını bildirib: “Spirtli içki qəbul edən sənsən, səndən çox içən yoxdur, səni bizi Göyçayda biabır etdin” deyən qadın zalda oturmaq istəmədiyini bildirib, prosesi tərk edib.

Daha sonra R. Rəhimova prokurorun suallarına cavab verərək bildirib ki, Tural Mustafayevin ona Xədicə ilə dost olduğunu, lakin bu dostluğun təfərrüatı barədə danışmaq istəmədiyini deyib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “AzadlıqRadiosu” və “Meydan\” TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, “AzadlıqRadiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb.

Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir. ( apa )

İnterpress.az