Borc qalmaqalı: Minlərlə işçiyə maaş ödənilməməsini prezidentdən gizlədən məmurbackend

Borc qalmaqalı: Minlərlə işçiyə maaş ödənilməməsini prezidentdən gizlədən məmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a daxil olan məlumata görə, həmin şirkətlər son zamanlar paytaxtda aparılan irimiqyaslı layihələrin podratçısı olub. Sifarişçi təşkilat kimi SOCAR çıxış etsə də, hazırda bu qurum özü də çıxılmaz vəziyyətdə qalaraq, şirkətlərə sözügedən vəsaiti ödəyə bilmir.
Podratçı və subpodratçıların alacağı məbləğ isə yüz milyonlarla manat təşkil edir. Artıq bir neçə aydır ki, işçilərə əmək haqqı ödəməyən həmin şirkətlər həm də vergi borclarını verə bilmirlər. Bu isə onlara həm də cəza məsuliyyəti yaradır.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, görülən işin müqabilində vəsait ödənməyən şirkətlərə
“Universal Servis Komp.A” MMC ; “Rabitəçi” MMC; “Abadlıq” LTD ; “Azərnəqliyyat inşaat” MMC; “SV group” MMC; “NQT” Tresti; “Azİmport” MMC; “Bakı İnşaat-Bərpa” Co; “Bakı Abadlıq” MMC; “Əsl inşaatçı” MMC; 16 saylı İ.İ.T.T; “Təmir-Tikinti AzNY” ASC; “Bərpa NTT” və digər şirkətlər daxildir.

Adıçəkilən şirkətlər paytaxt Bakıda genişmiqyaslı tikinti və abadlıq işlərinin aparılmasında iştirak edib. SOCAR-dan aldıqlar sifarişlər əsasında işə cəlb edilən şirkətlərə görülən işin müqabilində vəsaitin ödənilməsində əvvəl problem olmasa da, sonradan pulun ödənilməsi tamamilə dayanıb.

Şirkət rəhbərləri bununla bağlı SOCAR rəhbərliyi ilə görüşüblər. Görüşdən sonra SOCAR prezidenti Rövnəq Abdullayev məsələ ilə bağlı Nazirlər Kabinetində əlaqələndirici şəxslə məsələni dəfələrlə müzakirə edib. Ancaq həmin vəsaitin SOCAR-a ödənilməsinə məsul olan yüksək vəzifəli məmur bununla bağlı heç bir fəaliyyət göstərmədiyindən aylardır ki, sözügedən şirkətlərdə çalışan əməkdaşlar əmək haqqı ala bilmir.

Əvəzində həmin yüksək rütbəli məmurun məsələnin ölkə prezidentinin diqqətinə çatdırılmasına əngəl törətdiyi vurğulanır. Şirkətlər SOCAR-ın da hazırki durumda çıxılmaz vəziyyətdə qaldığını bildirərək vəsaitin ödənilməməsinin həmin məsul şəxslə birbaşa bağlı olduğunu vurğulayırlar.

Ölkə başçısı dəfələrlə öz çıxışlarında Avropa Oyunlarına hazırlığı və onun keçirilməsinin təşkilini yüksək qiymətləndirib. Lakin vaxtında və yüksək keyfiyyətlə təhvil verilən işin müqabilində ödənilməli olan vəsaitin gecikdirilməsi minlərlə işçinin əmək haqqısız qalmasına səbəb olub. Bu barədə məlumat isə ölkə rəhbərliyindən gizlədilir.

Məlumata görə, siyahıda adı olan şirkətlər ancaq böyük məbləğdə alacağı olan şirkətlərdir. Həmin şirkətlərin on milyon maatdan başlayaraq yüz əlli milyon manata qədər alacaqları var ki, bu da çox sayda işçinin aylarla əmək haqqı almaması deməkdir.

Qeyd edək ki, məsələ ilə bağlı bir müddət əvvəl də İnterpress.az-a məlumat daxil olub. Həmin şirkətlərdən birində 450 işçi aylardır əmək haqqlarını ala bilmədiklərinə görə aksiya keçirib.
Bayıl ərazisində abadlıq işləri aparan briqadalarından birinin rəhbəri Elşən Əliyevin sözlərinə görə, SOCAR-ın elan etdiyi tenderdə yuxarıda qeyd edilən şirkətlərdən biri qalib gəlib və onun rəhbərlik etdiyi briqada Bayılda Şanxay adlanan ərazidə abadlıq işlərini aparıb. Ancaq 4 ay müddətində görülən işlərin pulu ödənilməyib.

Dəfələrlə məsələ ilə bağlı SOCAR-a müraciət edilsə də, şirkət də ödənilməli olan vəsaiti ala bilmədiyinə görə şirkətlərə pul ödənilməsi ləngiyir. Bu isə minlərlə işçinin çıxılmaz vəziyyətə düsməsinə səbəb olub. Briqada rəhbəri işçilərə əmək haqqı ödəmək üçün faizlə 30 min manat götürsə də, bu da problemi həll etməyib. Əksəriyəti işləmək üçün bölgələrdən gələn işçilər əmək haqqı almadıqlarından parklarda gecələməli olurlar. Eyni vəziyyətdə olan digər briqadalar isə işi davam etdirmək istəmir.

Bu işlərin görülməsi üçün lazım olan məhsul və avadanlıq digər şirkətlərdən borc şəkilində alındığı üçün ödəmələr vaxtında həyata keçirilməyib və indi həmin şirkətlərə olan borclar da geri qaytarıla bilmir. Buna görə də bu məsələdən əziyyət çəkən şirkətlərin sayı yuxarıda qeyd edilənlərdən daha çoxdur.

Qeyd edək ki, həmin şirkətlər Bakı şəhərinin müxtəlif ərazilərində, o cümlədən Olimpiya stadionunun ətrafında həyata keçirilən abadlıq və yenidənqurma işlərində, yaşıllıq sahələrinin salınmasında, həmin ərazilərin qorunub-saxlanılmasında məsuldurlar. Lakin həmin yaşıllıq sahələrinə qulluq üçün tələb olunan vəsaitlər ödənilmədiyi üçün həmin yaşıllıqların baxımsızlıq nəticəsində məhv olmaq ehtimalı var.

Şirkət rəhbərləri ümid edirlər ki, məsələ ölkə başçısının diqqətinə çatdırılacağı təqdirdə dərhal həlli üçün göstəriş veriləcək.

Elnarə
İnterpress.az