Bu fikirləri Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev “ann.az” saytının əməkdaşı Rasim Əliyevin ölümü ilə bağlı radikal müxalifət mətbuatının qərəzli yazılar dərc etməsinə, eləcə də bir sıra Qərb təşkilatlarının məsələni siyasiləşdirməsinə münasibətini bildirərkən deyib.
Politoloq qeyd edib ki, əgər belə bir cinayəti hakimiyyət nümayəndəsi və ya hansısa siyasi partiyanı təmsil edən şəxs etsəydi, o zaman müxalifət cinayət hadisəsində siyasi motiv axtara bilərdi: “Amma hansısa futbolçunun jurnalistə qarşı cinayət əməli törətməsinə siyasi don geyindirmək özü bir məsuliyyətsizlikdir. Hadisəyə siyasi don geyindirmək acizlikdən, riyakarlıqdan başqa bir şey deyil. Ortada bir cinayət əməli var və cinayətkarlar öz cəzalarını alacaqlar. Buna heç kimin şübhəsi olmasın. Bu cür siyasi şou ilə məşğul olan yerli və xarici dairələr bilməlidirlər ki, jurnalistin ölmünə səbəb olmuş hadisəyə ölkə Prezidenti cənab İlham Əliyev anında reaksiya verdi və hadisədə əli olan hər kəsin cinayət məsuliyyətinə cəlb olunmasına görə göstəriş verdi. Bununla da cənab Prezident bir daha göstərdi ki, hər bir azərbaycanlının prezidenti və hər bir jurnalistin dostudur. Ölkə başçısı hər zaman xalqının yanındadır. Ona görə də bəyanatlar verən beynəlxalq təşkilatlar öz şoularından əl çəksələr yaxşı olar. Həmin təşkilatlara və dairələrə məsləhətimiz bu olardı ki, hadisə ilə bağlı dəqiq informasiya alıb sonra bəyanat verməyə hazırlaşsınlar. Futbolçu nə zamandan bəri dövlət və hakimiyyət orqanlarını təmsil edir ki, onun etdiyi səhvi hakimiyyətin adına yazırsız?! O bəyanatları verən təşkilatların ölkələrində bu cür hadisələr dəfələrlə baş verib. Heç görəsən həmin ölkənin başçısı öz vətəndaşına belə diqqət və qayğı ilə yanaşıbmı? Bütün bunları nəzərə alaraq qeyd edirəm ki, beynəlxalq təşkilatların verdikləri bəyanatlar növbəti ikili standartların göstəricisidir”.
İnterpress.az