K. Malakarne Azərbaycana ilk dəfə səfər etdiyini və qısa zamanda Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin onlarda dərin təəssürat yaratdığını deyib.
Dövlət başçısı isə bu səfər zamanı İtaliyanın “Snam” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunacağına və iki şirkət arasında imzalanacaq Anlaşma Memorandumunun bu əməkdaşlığın perspektivlərini müəyyənləşdirəcəyinə ümidvar olduğunu bildirib.
K. Malakarne rəhbərlik etdiyi şirkətin Avropada aparıcı infrastruktur operatorlarından olduğunu vurğulayaraq “Snam” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıq etməsindən məmnunluğunu ifadə edib. O, bu əməkdaşlığın təkcə İtaliya deyil, Avropa səviyyəsində qaz təchizatı baxımından önəmini vurğulayıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini söyləyən dövlət başçısı bu istiqamətdə İtaliyanın “Snam” şirkəti ilə Azərbaycan arasında müxtəlif sahələrdə güclü əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu deyib.
Avropanın qaz təchizatı sahəsində rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə məlumat verən qonaq Azərbaycanın Avropanın yeni qaz təchizatçısı kimi önəmini diqqətə çatdırıb.
“Cənub” qaz dəhlizinin bütün tərəflər üçün çox əhəmiyyətli layihə olduğunu vurğulayan prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə aparıcı rol oynadığını qeyd edib. Dövlət başçısı Azərbaycanın təşəbbüsü ilə irəli sürülən TANAP layihəsinin əhəmiyyətinə toxunaraq bildirib ki, ölkəmiz “Cənub” qaz dəhlizinin bütün seqmentlərində fəal təmsil olunur. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın gələcəkdə qaz təchizatçısı kimi rolu daha da artacaq.
Görüşdə İtaliyanın Snam şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İnterpress.az