Ölümün bir addımlığındakı QOZ LƏPƏSİbackend

Ölümün bir addımlığındakı QOZ LƏPƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onda uşaq olardım. Səhər oyanıb evi bomboş gördüm. Qonşuluqdakı əmimgilə qaçdım, kimsə yox idi. Ağlaya-ağlaya evə dönəndə gözüm evimizin yaxınlığından axıb gedən kanalın üstündəki adamlara sataşdı. Sanki bütün kənd burda idi. Kanala tərəf yüyürdüm. Anam da orda idi. Dədəmi gördüm, suyun içindəydi. Kəndin kişiləri suyun içində balac Kazımın meyitini axtarırdılar, kəndin qadınları da kanalın üstündə ağlaşırdılar. Kazımın anası ağlamırdı. Sakitcə adamlara baxırdı, dodağının altında nəsə danışırdı. Nədənsə mənə elə gəlir ki, bütün bunlar səhər-səhər deyil, axşamüstü olmuşdu. Çünki o, adamların siluetləri və ətrafdakı qaranlıq hopmuşdu yaddaşıma. Bircə Kazımın anasının gözləri işıqlı idi, par-par parıldayırdı. Suda ölmək…

Uşaqlığımın daş yaddaşından bir səhnə boylanır. Kəndimizi iki yerə bölən kanal. Bu su kanalına sovet dönəmində Lenin kanalı deyilirdi. Müstəqillik dönəmində Ana kanal deyildi. 3 yaşım olanda bu kanalda boğulan zaman qardaşım məni xilas etmişdi. O zaman yaşım az olsa da, hər dəfə kiminsə suda boğulduğunu eşidəndə hissləri yenidən yaşayıram. Havam çatmır, qorxudan burnuma, ağzıma dolan soyuq suyu qaynar od kimi hiss edirəm. Ağzım-burnum yanır sanki, havam çatmır…

Yay aylarında bu kanalda hər il kimsə boğulardı. 4 yaşlı Samir, 3 yaşlı Mehdi də bu kanalda boğuldu. Qonşumuz Mehdinin anasının səsi də yadımdadır. Bir az əvvəl bütün dünya ölümdən qaçarkən dənizdə boğulan balaca Aylan Kurdinin fotosuna ağladı. Elə balaca, toppuş əlləri vardı ki…

Ölümün niyə heyfi gəlmədi bu əllərə, balaca, ağ şəkərburaya oxşayan ayaqlarına? Suda şişmişdi. Bəs deyirdilər suda ölmək gözəl olur? Yəqin siz də gördünüz o şəkli. Xəzərin sahilindəki, kibrit çöplərindən hazırlanmış balaca evi. Bir gənc gecə səhərə qədər yatmayıb, suda donanlar üçün ev düzəltmişdi. Bir gəncin sularda donaraq həyatını itirən insanlara uzatdığı əli gördüm bu şəkildə. Daha bir şəkil də sosial mediada yer aldı.

Bu isə ARDNŞ prezidenti Rövnəq Abdullayevin şəklidir. O, yanğına “nəzarət etmək” üçün “Günəşli” platformasına baş çəkib. Yarımqaranlıq otaqda 3-4 nəfərlə birgə “plan cızan” ARDNŞ prezidentinin qabağında iri boşqabdakı qoz ləpəsi diqqətimi çəkdi. Yəqin siz də eşitdiniz… Övladının meyitinin qapısına gətiriləcəyi günü, bəli, oğlunun qapını açacağı günü deyil, meyitinin qapıya gətirləcəyi günü gözləyən ana idi o, deyirdi ki, boğazım elə quruyub ki, suda keçmir. Adam doğmasını itirəndə belə olur, boğazından su da keçmir, nəinki qoz-fındıq.

Ölümün bir addımlığındakı QOZ LƏPƏSİ

63 işçisini itirən Rövnəq Abdullayev isə onların qaranlıq taleyini, qaranlıq otaqda qoz –fındıq ləpəsi ilə həll edir. Bu dünyada pulu ən üstün dəyər hesab edən çızma –qaraçılar isə bu anları “Ölümün bir addımlığında”kı qəhrəmanlıq kimi zavallı kütlənin gözünə soxurlar. Amma aldanmayın, suda ölüm gözəl olmur…

Ölümün bir addımlığındakı QOZ LƏPƏSİ

Ölümün bir addımlığındakı QOZ LƏPƏSİ