Xaosun içində yeni xaos: Qamışlı – kürdlər Əsədə qarşı…backend

Xaosun içində yeni xaos: Qamışlı – kürdlər Əsədə qarşı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərqlər qabardılıb bütün tərəflərə öz alternativini gerçəkləşdirmək kimi fantom təklif veriləndə, iştirakçılarda vahidi maksimum tikələmək iştahası yaranır. Və idarə olunan xaos idarə olunmaz xaosa keçir.

Biz bunu Suriyada görürük. Dinc yanaşı yaşamaq “Hamınız bir-birinizdən ayrılın” şüarı ilə əvəzlənib. Tərəflərin hər birinin arxasında tərəfdarlar və əleyhdarlar dayanıb. “5 nömrəli sallaqxana” baltasını fasiləsiz endirməkdə, gənc bədənlər torpağı gübrələməkdədir.

İndi də dəfələrlə bölünən Suriyadan nə qalıbsa, onu bölürlər. Bu günədək müttəfiq olanlar bir-birinə silah çəkir. Koordinat başlanğıcı unudulub, trayektoriya yaddaşlardan silinib.

Aprelin 20-dən başlayaraq isə qanı daman ölkənin şimalında daha bir savaş meydanı açılıb – kürdlər Əsəd tərəfdarlarına müharibə elan edib. Artıq 10-larla insanın öldürüldüyü bu müharibə içində müharibə Qamışlı şəhərində hələ də davam edir. Əhalisi yarım milyonu ötən Qamışlıda indiyədək kürdlər, ərəblər, aysorlar, ermənilər, çərkəzlər birləşib islamçılara qarşı dirəniş verirdilər. Hazırda isə bir-biri ilə vuruşmağa başlayıblar.

Xaosun içində yeni xaos: Qamışlı - kürdlər Əsədə qarşı...

Məşhur Uruqvay şairi və Sol siyasətçi (keçmiş “tupamaros” – şəhər partizanı) Mario Benedettinin sərrast ifadəsi xatırlanır: “Biz bütün cavabları tapdığımızı zənn edəndə, bütün sualları dəyişdirdilər”. Qamışlıda da arxayınlıq vardı – məchullar həll edilib. Ancaq ortaya başqa suallar atıldı.

Suriyanın şimalında kürdlər martın 17-də öz federasiyalarını elan etmişdilər (bu barədə oxu – http://virtualaz.org/reyler/66251). Bu, onların müstəqilliyə doğru növbəti addımı sayılmalıdır. Ancaq nə qədər ki, müharibə gedir, “mini-İsveçrə” kimi təsəvvür edilən Rojavanın müstəqilliyi də formallıq sayılmalıdır. Ya da, sabah-birigün Suriya islamçıların cəngindən qurtarsa, kürdlərə muxtariyyət verilər və onlar da bununla kifayətlənərlər (Hər halda, onlar özləri də yaxınlara qədər ən çoxu muxtariyyətdən danışırdılar).

Faktik olaraq Dəməşqə tabe olmayan Qamışlıda aprelin 20-nə qədər vəziyyət bu cür idi: mərkəzi rayonlara və hava limanına Əsədin tərəfdarları – Milli Müdafiə Qüvvələri və aysor könüllüləri (“Sutoro”), qalan ərazilərə isə kürd könüllüləri – “Asayiş” və YPG nəzarət edir. Odur ki, şəhərin müxtəlif yerlərində asılmış bayraqlar da fərqlidir. İndiyədək onlar bir-biri ilə yola getsə də, aralarında ziddiyyətlər yalnız üzə çıxmaq üçün münasib vaxt gözləyirdi. Bu cəhətdən Qamışlını Əsəd rejimi üçün anklava da bənzətmək olar (İdlib vilayətindəki Fua və Kafraya kimi, yaxud Deyr-əz-Zor kimi). Ancaq ara-sıra fikir ayrılıqları özünü göstərsə də, tez də səngiyirdi. Buna həm Dəməşq, həm də kürdlərin “Demokratik İttifaqı” (rəhbəri – Müslim Saleh) səylərini əsirgəmirdi.

Bu dəfə isə problem qat-qat ciddidir. İnsident aysor könüllüləri ilə “Asayiş” arasındakı münaqişədən başlayır. Blok-postda 2 kürd qətlə yetirilir, bir neçəsi də həbs edilir. Aprelin 21-də “Asayiş” şəhər türməsinə və hospitala hücum çəkir, sonra döyüşlər hərbi baza və hava limanı ərazilərinə yayılır. İri çaplı pulemyotlar işə düşür. Çoxlu sayda yaralı və onlarla ölü var, döyüşlər isə davam edir.
Baş verənlərdən narahat olan Əsəd oraya Suriya ordusunun əlavə hissələrini yollayır. Müslim Saleh də Qamışlıya adamlarını göndərir. Ancaq savaşmaq üçün yox, razılığa gəlmək üçün. Görünən odur ki, Suriya ordusu və “Demokratik İttifaq”ın səylərinə baxmayaraq, “Asayiş” və Milli Müdafiə Qüvvələri (ərəblər və aysorlar) arasında barışıq mümkün olmayıb. Vəziyyətdən yararlanan “İŞİD” hücrələri isə aprelin 21-də şəhərdə 2 terror aktı törədiblər – 15 kürd həlak olub.

Yaranmış vəziyyət bütün kartları dəyişir. Baş verənləri kürdlərin müstəqillik yolunda daha bir radikal addımı kimi qiymətləndirirlər. Məsələ ondadır ki, Rojavadakı bütün şəhərlər (Kobani, Haseke, Şaddadi və s.) kürdlərin tam nəzarətindədir və yalnız Qamışlıda müştərək (kürd-ərəb-xristian) idarəçilik var. Və Qamışlıdan Əsəd tərəfdarlarını qovmaqla kürdlər bütün Rojavanı ələ keçirmiş olur.

Bu reallıq ilk növbədə Bəşər Əsəd üçün arzuolunmazdır – kürdlərin timsalında o, əsas daxili müttəfiqini itirir.

Xaosun içində yeni xaos: Qamışlı - kürdlər Əsədə qarşı...

Rusiya üçün də situasiya xoşagəlməzdir – Əsəd də, kürdlər də Moskvanın dəstəklədiyi tərəflərdir. Əgər Rojavada savaş xroniki xarakter alsa, Moskva seçim etmək məcburiyyətində qalacaq (və yəqin ki, Əsədi seçəcək).

Nəhayət, kiməsə elə gələ bilər ki, Suriya müharibəsində ən neqativ rollardan birini oynayan Ərdoğan üçün Qamışlı hadisələri gərəklidir. Belə deyil. Əvvəla, kürd dövləti – Türkiyənin qorxulu röyasıdır. İkincisi, Qamışlıdan cəmisi 5 kilometr şimalda, Türkiyə ərazisindəki Nüseybin şəhərində aylardır PKK ilə Türkiyə ordusu arasında qanlı savaşlar gedir və həm oradakı, həm Suriyadakı kürdlər sabah-birigün birləşib Ankaraya savaş açsalar, vəziyyət daha da dramatikləşəcək.

Odur ki, Qamışlıdakı savaşın səngiməsində həm Əsəd, həm Moskva, həm Ankara maraqlı olmalıdır. O ki qaldı kürdlərə, onların müstəqil dövlət arzusunun sözdən əmələ doğru necə sürətlə keçdiyinin şahidi olmaqdayıq. (virtualaz.org)

İnterpress.az