İnterpress.az-a Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir.
Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Göygöy Olimpiya İdman Kompleksində, qadın güləşçilər isə Bolqarıstanın Belmeken təlim-məşq bazasında davam etdirir.
Mayın 13-dən Bolqarıstana yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. Təlim-məşq toplantısında həmçinin, Türkiyə, Belarus və Macarıstan yığmasının üzvləri də iştirak edir.
Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə mayın 15-dən başlayıb və 30-dək davam edəcək.
Yunan-Roma güləşi yığmamızın təlim-məşq toplanışında Kuba, İran və Gürcüstan güləşçiləri də iştirak edir. Kuba yığmasının heyətində ikiqat Olimpiya, 5 qat dünya və 8 qat Pan-Amerika çempionu Mijain Lopez (130 kq), Dünya və 3 qat Pan-Amerika çempionu İsmael Borrero Molina (59 kq) ilə yanaşı Pan-Amerika çempionatının qalib və mükafatçıları da yer alıb.
Sərbəst güləşçilərimiz də hazırlıqları Kuba komandasının üzvləri ilə birgə davam etdirir. Kuba sərbəst güləş yığmasının heyətində Dünya və Pan-Amerika çempionatlarının qalib və mükafatçıları yer alıb.
Məlumat üçün bildirək ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14-21 avqust tarixlərində baş tutacaq.
İnterpress.az