Yarışın 3-cü günündə Azərbaycan yığmasının 6 taekvondoçusu mübarizəyə qoşulublar.
Kişilər
74 kq
Dayanq üzərinə çıxan Səid Quliyev ilk cəhdində italiyalı Klaudio Tereviso ilə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatsa da, hakimlərin rəyi ilə mərhələni rəqib adlayıb.
Namaz Heydərov 1/16 finalda Yon Aspı (Norveç) 7:5 hesabı ilə məğlub edib. Təmsilçimiz ikinci görüşdə belçikalı Nikolas Korteni keçə bilməyib – 8:14.
80 kq
Zədədən yeni qayıdan Ramin Əzizov ilk görüşündə slovakiyalı David Saykonu 10:1 hesabı ilə yenib. Ardınca böyük britaniyalı Lutalu Məhəmmədlə qarşılaşan təmsilçimiz 0:5 hesabı ilə uduzub.
Bu çəki dərəcəsində favoritlərdən olan Milad Beiqi Harçeqani İvan Karayloviçə (Serbiya) 13:0, Lutalu Məhəmmədə (Böyük Britaniya) 13:1 və Pyotr Pazinskiyə (Polşa) 16:4 hesabı ilə qalib gələrək, finala yüksəlib. Rio Olimpiadasına lisenziya qazanan taekvondoçumuzun həlledici görüşdə rəqibi Yunus Sarı (Türkiyə) olub. Təmsilçimiz türk idmançını 5:0 hesabı ilə məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qadınlar
62 kq
Ölkəmizi bu çəki dərəcəsində təmsil edən Yaprak Eris 1/16 finaldan başlayıb. İlk görüşdə Darya Yakovleva (Ukrayna) 10:5, ardlnca Coys van Baaren (Hollandiya) üzərində 4:1 hesablı qələbə qazanan idmançımız 1/4 finalda İrem Yamana (Türkiyə) 0:8 hesabı ilə uduzub.
67 kq
Rio Olimpiadasında iştirak edəcək digər idmançımız – Fəridə Əzizova isə Avropa çempionatında özünü yaxşı tərəfdən göstərə bilməyib. Serbiyalı Nadya Savkoviçi 3:0 hesabı ilə üstələyən təmsilçimiz ardınca türkiyəli Nur Tatarla bacarmayıb – 0:1.
Qeyd edək ki, yığmamızın heyətində Patimat Abakarova (53 kq) bir gün öncə gümüş medal qazanıb. Yarışa isə sabah yekun vurulacaq.
İnterpress.az