Bu il Bakıda keçiriləcək ən möhtəşəm yarışa – 2016 Formula 1 Avropa Qran Prisinə çox az müddətin qaldığı bir ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu yarışın rəsmi elçilərindən biri olan Gülhüseyn Abdullayevin iştirakı ilə Bakı Şəhər Halqasını sınaqdan keçirəcək.
İnterpress.az-a Bakı Şəhər Halqasından verilən məlumata görə, Azərbaycanın 19 yaşlı istedadlı Formula 3 pilotu Gülhüseyn Abdullayev GP3 seriyasına aid yarış avtomobilində əyləşərək Bakı Şəhər Halqasını yüksək sürətlə 3 dövrə vuracaq. Sınaq yürüşünə Azadlıq meydanında yerləşən Pit binasının qarşısında saat 10.00-da start veriləcək və yürüş eyni yerdə başa çatacaq. Gənc pilotumuz ən yeni Formula 1 trekindəki sürət nümayişindən sonra jurnalistlərin suallarını cavablandıracaq.
Media nümayəndələrindən 29 may tarixində saat 09.30-da Pit binasının qarşısında (Azadlıq meydanı) toplaşmaları xahiş olunur.
Media nümayəndələri trekin istənilən nöqtəsinə yaxınlaşaraq baryerlərin arxasından sınaq yürüşü ilə bağlı sərbəst çəkiliş apara biləcəklər. Bakı Şəhər Halqası Əməliyyat şirkəti Sizi böyük məmnuniyyətlə tədbiri işıqlandırmağa dəvət edir və indiyədək bu istiqamətdə göstərdiyiniz böyük fəallığa görə də hamınıza öz dərin təşəkkürünü bildirir.
Gülşanə Mustafayeva
İnterpress.az