Romada baş tutan mərasimdə Azərbaycan klubları rəqibləri tanıyıb.
30 komandanın qatıldığı turnirə Bakı təmsilçiləri qrup mərhələsindən start verəcəklər. Ölkəmizin reytinqi yüksək olduğu üçün Azərbaycan çempionu “Azərreyl” I səbətdə yer alsa da, heç də zəif rəqiblərlə düşməyib. Püşk “dəmiryolçular”a Fransa çempionatında “Kann”ı məğlub edən “Sent-Rafael Var” klubunu və Türkiyənin vitse-çempionu “Fənərbaxça”nı qismət edib.
C qrupunda yer alan təmsilçimizin 4-cü rəqibi isə “Linamar” (Macarıstan), “Agel” (Çexiya), “Makkabi” (Hayfa, İsrail) və ya “Dabrova Qornitsa” (Polşa) klublarından biri olacaq. Çox güman ki, Polşa, yaxud Çexiya klubu qrupa yüksələcək.
Püşkatma zamanı Super Liqasının gümüş medalçısı “Telekom” isə 3-cü səbətdən çıxıb. Bu səbəbdən də onların “ölüm qrupu”nda yer aldığını söyləmək olar. Ötən ilki kimi A qrupunda yer alacaq “Telekom” Çempionlar Liqasında bürünc medalçısı, İtaliya çempionu “Konegliano” və Polşanın ən güclüsü “Ximik”lə mübarizə aparacaq. Bakı təmsilçisinin 2015/2016 mövsümündə polşalıları son turda məğlub edərək qrupda saxladığını nəzərə alsaq, bu görüşün daha gərgin keçəcəyini proqnozlaşdırmaq olar. Onların 4-cü rəqibi də zəif olmayacaq. Qrupa “Kalsit” (Sloveniya), “Modena” (İtaliya), “Bimal-Yedinstvo” (Bosniya və Herseqovina) və ya “Kann” (Fransa) klublarından biri də gələcək. Şübhəsiz ki, qrupa vəsiqə uğrunda mübarizə Fransa və İtaliya arasında gedəcək.
Oktyabrın 10-da start götürəcək Çempionlar Liqasının finalı isə aprelin 23-də təşkil olunacaq.
Qeyd edək ki, ilkin mərhələdə 4 komandadan 2-si, 2-ci və 3-cü təsnifat mərhələlərinin yekununa əsasən isə cəmi 4-ü qrupda oynamaq hüququ qazanacaq. Məğlub olacaq 14 klub isə CEV kubokunda mübarizəni davam etdirəcək.
Qrup mərhələsinə gəlincə, 4 qrupun qalibi, həmçinin 3 ən yaxşı 3-cü yerin sahibi pley-offa yüksələcək. Bundan sonra “Dördlər finalı”nın ev sahibinin adına aydınlıq gələcək, həmçinin 6 komanda ona rəqib olmaq üçün 3 cütə bölünəcək. Qaliblər yarımfinalda iştirak hüququ qazanacaqlar.
1-ci təsnifat mərhələsi
1. “Drita”* (Kosova) – “Maritsa”* (Bolqarıstan)
2. “Kohila”* (Estoniya) – “Luka”* (Monteneqro)
2-ci təsnifat mərhələsi
3. “Minçanka”* (Belarus) – “Hameenlinna”* (Finlandiya)
4. 1-ci cütün qalibi – “Əczaçıbaşı” (Türkiyə)
5. “Linamar”* (Macarıstan) – “Agel” (Çexiya)
6. “Makkabi”* (Hayfa, İsrail) – “Dabrova Qornitsa” (Polşa)
7. “Kalsit” (Sloveniya) – “Modena” (İtaliya)
8. “Bimal-Yedinstvo”* (Bosniya və Herseqovina) – “Kann” (Fransa)
9. 2-ci cütün qalibi – “Vizura” (Serbiya)
10. “Ximik”* (Ukrayna) – “Dinamo”* (Krasnodar, Rusiya)
3-cü təsnifat mərhələsi
11. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
12. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
13. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
14. 9-cu cütün qalibi – 10-cu cütün qalibi
Qrup mərhələsi
A qrupu: “Ximik” (Polşa), “Konegliano” (İtaliya), “Telekom” (Azərbaycan), 13-cü cütün qalibi
B qrupu: “Dinamo” (Moskva, Rusiya), “Volero” (İsveçrə), “Alba” (Rumıniya), 14-cü cütün qalibi
C qrupu: “Azərreyl” (Azərbaycan), “Sent-Rafael Var” (Fransa)*, “Fənərbaxça” (Türkiyə), 12-cü cütün qalibi
D qrupu: “VakıfBank” (Türkiyə), “Dresdner” (Almaniya), “Uralochka” (Rusiya), 11-ci cütün qalibi
Qeyd: * işarəsi ilə Çempionlar Liqasında debütantları fərqləndirilib. (Apasport)
İnterpress.az