Bugün \”Avro-2016\”nın açılış oyunu baş tutub. Fransa və Rumıniya yığmaları qarşılaşıblar. Oyun 2:1 hesabı ilə fransızların xeyrinə qurtarıb.
Məlumata görə, A qrupunda yer alan yığmalar \”Stade de France\” stadionunda münasibətlərinə aydınlıq gətirib. Avropa Çempionatının ilk qolunu Fransa yığmasının 9 nömrəli oyunçusu Olivye Jiru vurub. 58-ci dəqiqədə hesabı açan fransızların üstünlüyü çox çəkməyib.
Oyunun 65-ci dəqiqəsində fransalı Evranın kobudluğuna görə ev sahiblərinin qapısına penal zərbəsi təyin olunub. Rumıniya futbolçusu Stanku qapıçı ilə mübarizədən qalib ayrılıb, komandasına qol hədiyyə edib – hesab 1:1.
Bundan sonra qarşılıqlı hücumlarla keçən oyun sonda 2:1 hesabı ilə yekunlaşıb. Matçın yekunlaşmasına bir neçə dəqiqə qalmış (89-cu dəqiqədə) Dmitri Paye Fransa yığmasının qələbə qolunu vurub.
Beləliklə, çempionatın ilk qarşılaşmasında 2:1 hesabı ilə Fransa yığması Rumıniyaya qalib gələ bilib. (ans)
İnterpress.az