Sabahdan etibarən “Formula-1” həvəskarlarının ürəyi Bakı ilə döyünəcək. Artıq sabah saat 13:00-dan başlayaraq paytaxtımızın qonağı olan 11 komandadan ibarət 22 pilot Bakı küçələri boyunca şütüyəcək.
Onlar arasında “Ferrari” komandasının lideri Sebastiyan Fettel və “Maklerin”in sürücüsü olmaqla yanaşı Bakı Şəhər Halqasının ulduz səfiri Fernando Alonso da olacaq. Hər iki pilotun Avropa Qran-Prisi öncəsi yarışdan gözləntiləri böyükdür.
Fernando Alonso bildirib ki, hər şey yarışa tam hazırdır: “Mənim Bakıya ilk gəlişimdən bu günə kimi çox şey dəyişib. Qısa zaman kəsiyində baş verən bu dəyişiklik mənim üçün fantastik oldu. Yarış isə deyərdim ki, çox çətin olacaq. Xüsusilə, sonuncu gün. Hər kəsi gərgin və maraqlı mübarizənin gözləyəcəyini deyə bilərəm”.
Sebastian Fettel isə bildirib: “Düşünürəm ki, komandamız qarşıdakı hər bir mərhələdə daha yaxşı nəticələr göstərəcək. Misal üçün, Avstrya, Almaniya, Macarıstan və bu kimi ölkələrdə keçiriləcək yarışlardan gözləntilərimiz böyükdür. Bakı Qran Prisinin isə çətin keçəcəyini deyə bilərəm, çünki ilk dəfə burda yarışacağıq”. (ans)
İnterpress.az