Başlamamış bitən Olimpiada?backend

Başlamamış bitən Olimpiada?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Olimpiya Oyunları 4 ilin ən böyük idman hadisəsi, idmançıların 4 illik zəhmətinin hesabatı sayılır. Bundan böyük və nüfuzlu idman yarışı yoxdur və burada göstərilən nəticələr etalon sayılır. İdman aləmində Olimpiya çempionu adından yüksək titul mövcud deyil.

Dünən 80-dən artıq rusiyalı atlet Olimpiadadan kənarlaşdırıldı. Onların arasında London Olimpiadasının qalibləri, həyatının 5-ci Olimpiya Oyunlarında möhtəşəm karyerasını nöqtələməyi planlaşdıran Yelena İsinbayeva kimi nəhəng var.

Əlbəttə, Rusiya hələ dünyanın hamısı demək deyil və yüngül atletika da «idmanın kraliçası» sayılsa belə, bütün Olimpiada demək deyil. Hərçənd, rusiyalıların «tərs» xarakterini nəzərə alsaq, ölkənin ümumiyyətlə Oyunları boykot etməsi variantını istisna etmək olmaz.

Hər hansı aparıcı idmançının çıxış etmədiyi yarışda qazanılan qələbənin dəyəri nə qədər yüksək ola bilər? İstər-istəməz düşünəcəksən — çıxış etməyən idmançı da gəlsəydi, görəsən necə olardı? Başqa sözlə, indidən Rio Olimpiadasının bir çox gələcək qaliblərinin qələbəsinə, belə demək mümkünsə, kölgə salınıb.

Rusiya gələn həftə məsələni Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iclasında həll etmək arzusundadır. Amma artıq bu gün BOK rəsmisi Rusiya ilə bağlı qərarın dəyişdirilməsinə inanmadığını bildirib.

Bir qədər yaşlı idman azarkeşləri 1980-ci ilin Moskva və 1984-cü ilin Los-Anceles Olimpiya Oyunlarını xatırlamamış deyillər. Hər iki Olimpiada «yarımçıq» keçirilmişdi. SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsinə etiraz olaraq, ABŞ tərəfdarları Moskva Olimpiadasını, buna görə qisas alan sosialist düşərgəsi ölkələri Los-Anceles Olimpiadasını boykot etmişdilər. Həmin Oyunların qaliblərini heç bir əsl idman xiridarı 100% Olimpiya çempionu saymır. Bu sıraya Rio-de-Janeyro Olimpiadası da qoşulacaqmı? (virtual)

İnterpress.az