“Avro-2016”-da  ələmə və həngamə başlayır…backend

“Avro-2016”-da ələmə və həngamə başlayır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə saat 24:00-da “Avro-2016” nın A qrupunda İsveçrə-Fransa və Rumıniya-Albaniya cütlüyü üçüncü tura sart verir. Qaydalara uyğun olaraq bütün görüşlər eyni saatda başlayacaq. Əvvəlcə, oxuculara üçüncü turun əsas özəlliyi barədə məlumat verək. Məlumdur ki, bu çempionatda yeni qaydalara uyğun olaraq, ən yaxşı nəticə göstərmiş üçüncü yer tutan 4 komanda da növbəti mərhələyə keçəcək. UEFA 4 komandanı bu kriteriyalarla müəyyənləşdirəcək:

1. Ən çox xal toplayan üçüncü yer tutmuş komanda;

2. Vurulan və buraxılan topların statistikasına görə ən yaxşı nəticə göstərmiş üçüncü yer komandası;

3. Ən çox top vurmuş üçüncü yer komandası;

4. Sarı və qırmızı kartların sayına görə ən yaxşı üçüncü yer komandası;

5. Üçüncü yer tutmuş komandanın UEFA və FİFA reytinqləri

Fransadan sonra hansı komanda?

Bu qrupda İsveçrənin 4 xalı, Fransanın 6, Rumıniyanın 1 xalı var. Albaniya isə hər iki oyunda uduzub və yalnız qalib gəldiyi halda nəzəri olaraq üçüncü yerə ümid edə bilər.
Fransa ardıcıl iki qələbə ilə 1/8 finala birbaşa vəsiqə qazanıb. Onu qrupda xal fərqinə görə yalnız İsveçrə keçə bilər ki, bunun üçün onlar bu gün çempionatın ev sahibinə qalib gəlməlidirlər. Bu oyunda hər iki tərəfi heç-heçə tam qane edir. Bu halda qrupdakı digər oyunun nəticəsindən asılı olmayaraq, İsveçrə də növbəti mərhələyə keçəcək.

Yox əgər, fransızlar hər üç oyunda qalib gəlmək iddiasını gerçəkləşdirərsə, Rumıniya da qalib gələrsə qrupda ikincilik və ya ən yaxşı üçüncü olmaq şansları dartışılacaq. İsveçrə uduzarsa, Rumıniya isə qalib gələrsə, hər iki komandanın 4 xalı olacaq. İsveçrə ilə Rumıniya aralarındakı oyunda heç-heçə ediblər. Bu səbəbdən ikincilik müəyyənləşərkən vurulan və buraxılan toplar əsas götürüləcək. O halda Rumıniya çalışmalıdır ki, Albaniyaya minimum 2 və ya daha çox top vursun. Albaniya qalib gələrsə, o da 3 xal toplamış olur və digər qruplardakı oyunların nəticələrini gözləməlidir.

Rumınlar daha şanslıdır, amma…

Rumıniya-Albaniya qarşılaşmasında favorit birincilər hesab olunsa da, çempionatın debütantını gözdən çıxarmaq da olmur. Albaniya Fransa ilə oyunda daha yaxşı təsir bağışladı və yalnız son dəqiqələrdə azarkeşlərin də psixoloji basqısı altında qapısından iki top buraxdı. Albaniya üçün bu çempionat yaxşı təcrübə oldu. Komandanın Avropa nəhəngləri ilə eyni səviyyədə futbol sərgiləməsini heç kim gözləmirdi, amma bu qədər müqavimət göstərəcəklərin də… Bu səbəbdən də çempionatdan xalsız qayıtmaq istəmirlər, bu gün də rumınlara müqavimət göstərəcəklər.

Rumıniya həm Fransa, həm də İsveçrə ilə oyunda rəqib qapısını top vursa da, bir dəfə heç-heçəni, bir dəfə isə qələbəni əldə verib. Açılış matçında Angela Yordaneskonun komandası Fransaya layiqli müqavimət göstərdi və son dəqiqədə Payenin qəfil zərbəsi ilə heç-heçəni əldə verdi. İkinci oyunda da rumınlar rəqib komandaya qalib gəlirdi və bu nəticəni sonadək saxlaya bilmədi.

Rumıniya millisinin xüsusilə, rəqibə pressinq tətbiq edərək onları öz cərimə meydançalarından mümkün qədər uzaq saxlamağı yaxşı bacarırlar. Amma komanda hücum xəttində zəif görünməsə də, yaradıcı və məhsuldar deyil. Hər iki oyunda rumınlar rəqib qapısına 11 metrlik cərimə zərbəsindən yol tapıblar. Kristian Sapunaru, Kozmin Moti və Rezvan Raç müdafiəsi, Nikolae Stançu, Ovidiu Xoban və Mixay Pintiliniyin orta xəttə oyunu yaxşı qiymətləndirilə bilər. Andrian Popa, Boqdan Stanku və Florin Andone hücum xəttində daima hərəkətdə olsalar da, nəticə istənilən səviyyədə deyil.

Rumınlar 3-cü oyunda da qələbəyə oynayacaqlar və ən yaxşı üçüncülərdən olmaq şansını dəyərləndirəcəklər. Ola bilsin ki, oyunun taleyini vurulmuş bir top müəyyənləşdirsin.
FİFA-nın reytinqində 42-ci yeri tutan albanlar Runıniya millisindən 20 yer irəlidə qərarlaşıb. Rumınlar reytinq cədvəlində 22-cidirlər. Komandalar 18 dəfə qarşılaşıblar və bunların 13-də rumınlar, cəmi 3 dəfə isə rəqib komanda qalib gəlib. İki oyun heç- heçə bitib. Sonuncu dəfə onlar 2014-cü ildə yoldaşlıq görüşündə qarşılaşıblar və rumınlar qalib gəlib.

İsveçrənin növbəti mərhələyə çıxmaq üçün əla şansı var. Rumınlarla oyunda qalib gəlsəydilər, onlar pley-off mərhələsini bəribaşdan haqq etmiş olacaqdı. Amma penalti səbəbindən məğlub duruma düşən İsveçrə Admir Mehmedinin qolu sayəsində bir xal qazana bildi. İsveçrə millisi iki oyunda cəmi iki top vurub.

Fransa hər iki qarşılaşmada çətin qələbə qazanması mütləq qeyd edilməlidir. Fransa xal itirməyib, amma etirag edilməlidir ki, ondan gözlənilən parlaq oyunu da hələ göstərmir.
FİFA reytinqində qonşu olan komandalar (Fransa 15-ci yer, İsveçrə 17) 39 dəfə qarşılaşıblar. Bu oyunlardan 18-də fransızlar, 12-də rəqib komanda güclü olub. Avropa çempionatları çərçivəsində “Avro-2014” də bir qrupda oynayıblar və Fransa 3: 1hesabı ilə qalib gəlib. Sonuncu dəfə komandalar 2014-cü ildə Braziliya çempionatında qarşılaşıblar. Həmin qarşılaşmada fransızlar 5 : 2 hesabı ilə qalib gəlib.

Bu gecə qələbə daha çox İsveçrəyə lazım olsa da, çətin ki, onlar da müdafiəni boş buraxıb özlərini rəqibin cərimə meydanında öldürsünlər. Bukmeykerlər komandaların heç-heçə edə biləcəyinə inanırlar… (musavat)

İnterpress.az