Türkiyə millisi \”Avro-2016\”nın D qrupunda sonuncu matçını Çexiya millisinə qarşı keçirəcək. Məlumata görə, \”ay-ulduzlular\” ötən gün də çexlərlə oyunun hazırlığını davam etdirib.
Məşq prosesində baş məşqçi Fatih Terim diqqət mərkəzinə düşüb. Maraqlıdı ki, təcrübəli mütəxəssis məşq zamanı heç bir futbolçu ilə ünsiyyətdə olmayıb.
Türkiyə mətbuatı milli komandanın daxilində ab-havanın yüksək olmadığını, gərginliyin pik həddə çatdığını yazır.
İlk dəfə 24 komandanın iştirak etdiyi turnirin formatı da əvvəlkilərdən fərqlənir. Bu dəfə növbəti mərhələyə təkcə qrupda ilk iki pilləni tutan komandalar çıxmayacaq. Əvvəlkindən fərqli olaraq 1/8 final mərhələsinin keçiriləcəyi turnirdə qrupda ilk iki pilləni tutan komandalarla yanaşı, 3-cü pillədə qərarlaşmış ən yaxşı 4 komanda da mübarizəni davam etdirəcək.
Sözsüz ki, indi ölkəmizdə çoxlarını Türkiyə millisinin taleyi maraqlandırır. İlk iki turda Xorvatiya və İspaniyaya yenilən \”ay-ulduzlular\” 1-2-ci pillələri tutmaq şansını itirib. İndi türklər ən yaxşı 3-cü olan 4 komandadan biri olmalıdır.
Bunun üçün Fatih Terimin yetirmələri ilk növbədə Çexiyanı məğlub etməlidir. Amma bu mərhələ adlamaq üçün yetərli deyil. Digər qruplardakı oyunların nəticələri də Türkiyənin taleyinə təsir edəcək. \”Ay-ulduzlular\”ın qrupdan çıxması üçün bir çox ssenari var. (ans)
İnterpress.az