Fransada davam edən Avropa çempionatında növbəti mərhələyə çıxacaq ən güclü daha üç komanda bu gün müəyyənləşəcək.
Saat 17:00-da Fransa və İrlandiya yığma komandalarının oyunu başlayacaq. Saat 20:00-da Almaniya və Slovakiya oyunun startı veriləcək. Günün son oyunu isə saat 23:00-da Macarıstan-Belçika milliləri arasında başlayacaq.
İrlandiya və… bir daha Türkiyə hada
İrlandiya Türkiyə millisinin pley-off ümidlərini İtaliyanın qapısına son dəqiqələrdə vurduğu qolla dəfn etdi. Çoxları İtaliyanın irlandiyalılara 3 xal verdiyini iddia edir və Türkiyənin qarşısını kəsdiyi üçün hər iki komandanı qınayır. Qrup mərhələsinin, xüsusilə son turunda bu cür qeyri-rəsmi razılaşmalar olduğunu birmənalı söyləmək olmaz.
Amma istisna deyil ki, Türkiyə milli komandası televizorun qarşısında oturub məhz İrlandiyanın udmamasının gözləyirdisə, demək irlandlar da artıq növbəti mərhələyə çıxmış italiyalılarla birgə hiylə planı qura bilərdilər. Burada komandaların, klubların köhnə intiriqaları da yada düşür, hətta dövlətlərin bir-birinə münasibəti də. Məlum, Türkiyə indi çoxlarının gözünə tikan olub batır. Amma səbəb yalnız bu olsa…
Əlbəttə, istərdik bu böyük futbol bayramında bizim də ürəyimiz qürurlansın, ay-ulduzlu bayraqlarımız dalğalansın, sevinək. Amma obyektiv olaq: Türkiyə bu çempionatda çox zəif oynadı. Zəif oyunla qrup mərhələsini sürüşüb keçərsən, sonra bir komandanı da “pley-off”da bəxtin gətirər penalla udarsan, bəs sonra…Mən Türkiyənin “ya bəxt” deyib bu çempionatda irəli gedəcəyini heç düşünmürdüm. İrlandiya Türkiyə millisini sevənlərə pislik etdi, amma həm də bizi xilas etdi, vallah…Bir az məyusluqdan, bir az ürək ağrısından, kim bilir, bəlkə də bugünkü böyük hesablı məğlubiyyətdən xilas olduq.
İrlandiya Anrinin “əlini” unutmayıb
24 yaşlı Robert Breydinin İtaliya ilə oyunda ingilis stilində-başı ilə qapıya yol tapması onu İrlandiyanın milli qəhrəmanı edib. “Norviç” klubunun şərəfinin qoruyan Breydinin qolu İrlandiya millisini 2002-ci ildən sonra ilk dəfə qrup mərhələsindən “pley-off”a adladıb. Statistiklər bu matç ərəfəsi İrlandiyanın Fransa ilə könhə “haqq-hesabı” olduğunu yada salıblar. Futbol azarkeşləri də yaddaşlarını təzələsələr, xatırlayacaqlar həmin görüşü. Belə ki, CAR-da keçirilən dünya çempionatın seçmə mərhələsində İrlandiya 1:0 öndə olarkən Terri Anri əli ilə topu qapıya salmış, etirazlara baxmayaraq hakim bu qolu hesaba almışdı. Bunun nəticəsində İrlandiya mindiyaldan kənarda qaldı.
İrlandiyanın bu gün Fransa hücumunun və ciddi azarkeş dəstəyi qarşısında nə edəcəyi maraq doğurur. İrlandiya sübut etməlidir ki, İtaliyaya ikinci heyətlə oynasa da, heç bir kələk olmadan qalib gəlib. İrlandiyanın indi dişi “qana batıb” və qarşılarında meydan sahiblərinin dayandığınından belə çəkinmirlər.
İrlandiya millisinin baş məşqçisi Martin Onil Fransa ilə oyundan öncəki mətbuat konfransında hələ də komandasının növbəti mərhələyə çıxmasının eyforiyasını yaşadıqlarını deyib. Baş məşqçi komandasının İtaliya ilə oyunda qələbə üçün çox çaba sərf etdiklərini söyləyib. Onil Stiven Uordanın və Con Uoltersin zədələndiklərini bildirib və bu günkü oyunda iştiraklarının sual altında olduğunun söyləyib.
Robert Breydi Fransa ilə oyunun çətin olacağını deyib. “Aydındır ki, Fransaya qarşı oynamaq həmişə çətindir. Fransa millisinin heyətində çox güclü oyunçular var. Amma İrlandiya heç vaxt rəqibdən qorxmur. Qorxmaq bizlik deyil. Biz dünyanın istənilən komandasına qalib gəlmək gücündəyik” deyə, yarımmüdafiəçi bildirib. Qeyd edə ki, komandalar indiyədək 17 dəfə qarşıllaşıblar. Bu oyunların 6-sında fransızlar güclü olub.5 oyunda isə irlandiyalılar qalib gəlib, 6 oynda tərəflər meydandan sülhlə ayrılıblar. FİFA reytinqində Fransa 17-ci, rəqibləri isə 33-cü yerdə qərarlaşıb.
Ev sahibləri Fransanın oyunu hələ ki, istənilən səviyyədə alınmır. Bununla bağlı suallara isə baş məşqçi Didye Deşam əsəbləşir, amma problemlər olduğunu təsdiqləyir də. Bu gün Fransanın növbəti mərhələyə çıxmaq şansı daha çoxdur. Amma irlandiyalılar yeni bir tarix yazmağa həvəslidirlər.
“Alman maşını”
Slovakiya və Almaniya milli komandası ötən ay yoldaşlıq görüşündə qarşı-qarşıya gəliblər. Slovakiya rəqib meydanda keçirilən həmin oyunda 2:0 hesabı ilə qalib gəlib.
Son dünya çempionu Almaniya Ukraynaya qarşı turun ilk oyununda 2:0 hesablı qalibiyyətdən sonra, sanki çox irəli çıxdığını anladı. Hər halda, birinci oyunda daha güclü təsir bağışlayan almanlar həm Şimali İrlandiya, həm Polşa ilə oyunda digər iştirakçı komandalardan heç nə ilə fərqlənməd. Almaniya mediası bu səbəbdən komandanın baş məşqçisi Yoahim Lövü sıxışıdırdı da.
Lövün açıqlamalarından anlaşılansa odur ki, komanda qarşıya qoyduğu məqsədə doğru gedir və narahat olacaq heç bir problem yoxdur. Almaniya qrup mərhələsində qapısına top buraxmayıb. Almaniya 1996-cı ildə Avropa çempionu olanda da qrup mərhələsində qapısını toxunulmaz saxlamışdı. Qapıçı Manuel Noyer bu vəziyyədən məmnundur: “Bu əladır ki, biz bir top belə buraxmamışıq. Bu o deməkdir ki, biz komanda olaraq gözəl müdafiə olunuruq”.
Noyer Slovakiya millisinin yarımmüdafiəçisi Marek Qamşikin uzaqdan təhlükəli zərbələrinə hazır olduğunu deyib: “Hamı bilir ki, Qamşik “Napoli”nin heyətində uzaqdan zərbələrlə qollar vurur. Bizim müdafiə xətti onun cərimə meydançasına yaxınlaşmağa və zərbə mövqeyinə çıxmasına imkan verməməlidir. Amma yalnız Qamşikin qapımız üçün təhlükəli olduğunun demək olmaz.”
Almaniyanın müdafiə xəttinin əsas təşkilatçısı Jorem Boatenqin bu gün meydana çıxıb-çıxmayacağından çox şey asılıdır. Boatenq Şimali İrlandiya ilə oyunda əzələsindən aldığı zədə səbəbindən meydanı tərk edib. Slovakiya millisinin oyunçusu Yan Dyuritsa Avropa çempionatında pis nəticə göstərmədiklərini və hələ uğur qazanacaqlarına inandıqlarını deyib: “Komandada əla atmosfer var.
Biz karyeramızı başa vurduqda Qraşovski, Şkriniar, Duda, Vayss və Stox kimi gənc oyunçular bizim yerimizi tutacaqlar. Demək, Slovakiya yığmasının həm də yaxşı gələcəyi var.” Dyuritsa deyib ki, o, ümid edirəm ki, Almaniya ilə oyun bu çempionatda son oyunları olmayacaq. Slovakiyanın əsas ümidlərindən biri də hücumçu Adam Nemetsdir.
Nemets Almaniyanın “Aue”, “Kayzerslautern” kimi klublarında oynayıb. Hazırda Hollandiyanın “Villem” klubunda oynayan Nemets uzun ilərdir ki, Almaniyada yaşayır. Nemets bugünkü oyun haqda bunlar deyib: “Biz Almaniyaya ötən ay qalib gəlmişik. Bir komandaya hər ay qalib gəlmək çətindir. Əlbəttə, yoldaşlıq görüşündə fərqli emosiya, fəqli durumdur. Almaniya ilə oyun çətin olacaq. Amma komandalar oyuna 0:0 hesabı ilə başlayır və şanslar da 50:50-yədir.Biz bu mərhələyə gəlmək üçün çox çalışmışıq. Çalışacağıq ki, çempionatda qalaq…”
Macarlar Belçikanı da evə göndərəcəkmi?
Macarıst an yığması bu çepionatın autsayderləri sırasında göstərildi, amma komanda Portuqaliyanın fovarit olduğu qrupda lider oldu. Macarıstan komandasının almaniyalı çalışdırıcısı Bernd Ştrok sübut etdi ki, futbol proqnozlarla deyil, alın təri ilə oynanılır və qazanılır. Macarların Portuqaliya ilə oyunda qalib gəlmək şansları vardı, amma Ronaldo komandasını xilas etdi. Macarıstan bu çempionatda əsl xarakter göstərdi. Komandaya fantastik azarkeş dəstəyi də xüsusi qeyd edilməlidir. Bu gün Belçika yığması “Avro-2016”da ən çətin oyununa çıxacaq.
Belçika millisi öz qrupunda 6 xal toplasa da, macarlardan fərqli olaraq çempionatda artıq məğlubiyyəti dadıblar. Belçika İtaliya ilə oyunda 0:2 hesabı ilə məğlub olublar. Macarıstan müdafiə futbolu və əks-hücumlar taktikası sərgiləyir və bu model onlara hələ ki, uğur gətirir. Belçika isə hücum futboluna meyllidir. “Avro-2016”dan əvvəl Mark Vilmotsanın komandası çempion olmağa əsas namizədlər sırasında göstərilsə də, son üç oyun bu iddiaları təsdiqləmədi. Macarıstan bu gün Belçikanı turnirdən uzaqlaşdıra bilsə, bu çempionatın ən böyük sensasiyası olacaq… (musavat)
İnterpress.az