Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, ilk yarış günündə güləşçilərimiz 4 qızıl və 1 gümüş medal qazanıb. Qızıl medalları yığmamıza yunan-Roma güləşçisi Rafiq Hüseynov (75 kq), sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Xetaq Qazyumov (97 kq) qazandırıb. Şərif Şərifov (86 kq) isə gümüş medala yiyələnib.
Turnirin ikinci yarış günündə 57, 61, 70 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb.
57 kq çəkidə yarışan Mircəlal Həsənzadə mübarizəyə 1/4 finaldan başlayıb. Ardıcıl olaraq Almaniyanın iki idmançısını məğlub edib və finala yüksəlib. Finalda onun rəqibi ABŞ idmançısı Denis Daniel olacaq.
61 kq-da mübarizə aparan Hacı Əliyev də yarışa 1/4 finaldan başlayıb. Özbəkistan və Almaniyadan olan rəqiblərini böyük fərqlə üstələyən Hacı finala yüksəlib. Son görüşdə onun rəqibi Polşadan Krustof Bienkovski olacaq.
70 kq çəkidə təmsilçimiz Gitinomaqomed Hacıyev də Türkiyə və Qazaxstandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda onun rəqibi Almaniya təmsilçisi Vickel Lennard olacaq.
125 kq çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov isə komanda yoldaşlarından fərqli olaraq bir görüş artıq keçirib. Mübarizəyə 1/8 finaldan qoşulan Cəmaləddin Qazastan, Ukrayna və Polşadan olan rəqiblərini məğlub edib. Finala yüksələn təmsilçimiz son görüşdə Qazaxstan idmançısı Daulet Şabanbayla qarşılaşacaq.
İnterpress.az