Amma sevinməyə macal tapmamış peşmançılıq girdabına düşüblər…
Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan “Aqrokimya” MMC adlı şirkət gedib xaricdən pambıq sovkasına qarşı dərman alıb gətirib. Həmin dərmanın hansı qiymətə aldıqları bilinməsə də gətirib hər kiloqramını fermerlərə və şirkətlərə 33 manatdan satırlar.
Amma dərmanın tərkibi necədirsə heç bir effekt vermir.
Fermerlərdən biri deyir ki, 15 ildən artıqdır ki, pambığın dərmanlanması ilə məşğuldur və istifadə etdiyi dərmanlar həmişə sovkanın məhv edilməsində böyük rol oynayıb heç bir problem yaşamayıblar. Amma indi yeni gətirilən dərmanlarla sahələri dərmanladıqdan sonra pambığı suvarsalar da sovka tələf olmur ki, olmur. Nəticədə sovka demək olar ki, pambığı məhv etməkdədir.
Məsələ ilə bağlı fermerlər nazirliyi və “Aqrokimya” MMC rəhbəri Məmməd Məmmədovu məlumatlandırsalar da nəticə olmayıb. Həmin şirkətin İmişlidəki nümayəndəsi Eldar Xəlilov Sabirabada gələrək fermerlərlə birlikdə sahələrə baxıb. Amma onun gəlişi nəinki fermrlərin ürəyincə olub, əksinə, daha da pərt olublar:
“Çünki bizimlə razılaşmadı və bildirdi ki, bizim dərmanlarımız keyfiyyətlidir, inanmırsınızsa göndərin xaricə kimin haqlı olduğunu yoxlasınlar. Onun bu sözü fermerlərin xoşuna gəlmədi”.
Bu azmış kimi həmin mütəxəssis hamını şoka salan daha bir təklifdə bulunub. Bildirib ki, fermerlərin dərmanlama üçün istifadə etdikləri aparatlar da yaxşı aparatlar deyil və təklif edib ki, “Aqrokimya” MMC-nin idxal etdiyi dərmanların effektini görmək istəyirsinizsə pambıq sahələrinizi dərmanlamaq üçün təyyarə alın və təyyarə ilə sovkaya qarşı effektiv mübarizə aparın. Fermerlər deyiblər ki, hər il yetişdirkləri pambığın maya dəyərindən aşağı satılması nəticədə hər biri külli miqdarda ziyana düşür, onlar heç pambıqyığanların zəhmət haqqını ödəyə bilmirlər, təyyarəni hansı pula alsınlar?
Olmaya yığışıb gedib nazir Heydər Əsədovdan təyyarə istəsinlər? Hələ bununla da kifayətlənməyən şirkət təmsilçisi fermerlərə məsləhət görüb ki, onların dediklərinə inanmırlarsa özləri kənd təsərrüfatı mütəxəssisləri yetişdirisinlər. Onun bu təklifi də ciddi etirazla qarşılanıb və Eldar Xəlilovu məsxərəyə qoyublar ki, onlar heç pambıq yetişdirə bilmirlər, mütəxəssisi necə yetişdirsinlər?:
“O həmin sözü deyəndə pambıq məntəqəsinin müdiri də, ərazi icra nümayəndəsi də, bələdiyyə sədri və daha bir neçə fermer də orada idi. Oradakılar həmin nümayəndənin bu təklifinə etiraz edərək onu möhkəm qınadılar”.
Fermerlər bu qənaətdədirlər ki, xaricdən gətirilən həmin dərmanların tərkibi standartlara cavab vermir və dozası qəsdən azaldıldığından sovkaya qarşı mübarizədə gözlənilən nəticəni vermir. Sabirabadlı fermerlər deyirlər ki, rayonda 1200 hektar pambıq sahəsinə artıq hər hektara bir koloqram olmaqla 1200 kiloqram dərman vurulub, Üstəlik hər hektara görə dərmanlamanı aparan traktorçuya 12 manat ödənilir. Bu da hələ son deyil, əlavə olaraq həmin 45 manatın 6 faizi miqdarında da onlara əlavə borc yazılır ki, pambıq satışı zamanı həmin pullar fermerlərdən bala-bala tutulacaq…
Yeri gəlmişkən, fermerlər deyir ki, Sabirbadın icra başçısı Nazim İsmayılov prezident İlham Əliyevin ölkədə pambıqçılığın yenidən inkişaf etdirilməsi barədə məlum tapşırığını can-başla yerinə yetirmək üçün qollarını çırmayıb hər gün pambıq sahələrini gəzir və rayonda sovetlər dönəmindəki ən məhsuldar illərdən də artıq hər hektardan daha bol pambıq toplanması üçün bütün gücünü ortaya qoyub.
Elə ona görə də dərmanların sovkanı məhv etməməsi nəticəsində pambığın bar verən orqanlarının sıradan çıxmasından icra başçısı da fermerlər qədər dilxor olub. Hətta fermerlərin iddiasına görə buna görə icra başçısı ilə həmin şirkətin rəhbərliyi və Kənd Təsərrüfatı Nazirliyi rəsmiləri arasında söz atışması da yaşanıb. Amma bütün bu cəhdlər də nəticəsiz qalıb və demək olar ki, minlərlə hektar pambıq sovkanın əsarətində qalıb… (moderator.az)