Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq – İlham Əliyevbackend

Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq – İlham Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ölkə olmayıb\”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimində deyib. Dövlət başçısı qeyd edib ki, 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb.

“İqtisadiyyatımız 3,2 dəfə artıb. Azərbaycan bu gün iqtisadi potensialına görə özünü çox rahat hiss edir. Bütün beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan qabaqcıl yerdədir, inkişaf etməkdə olan ölkələr arasında inkişaf dinamikasına görə 3-cüdür. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac yoxdur. Öz zəhmətimiz hesabına qazandığımız vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Onların arasında ordu quruculuğu 1-ci yerdədir”.

Ali Baş Komandan bildirib ki, son illər ərzində onlarla hərbi şəhərcik yaradılıb: \”Hərbçilərin xidmət şəraiti çox yaxşıdır. Deyə bilərəm ki, hərbi hissələrimizin, hərbi şəhərciklərimizin 80 faizi son bir neçə il ərzində yenidən tikilib və ya əsaslı təmir edilib\”.

O qeyd edib ki, növbəti iki-üç il ərzində bütün hərbi şəhərciklər təmirli olacaq: \”Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa etmişdi. Ancaq bildiyimiz kimi, müstəqilliyimizin ilk iki ili ölkəmiz üçün çox ağır keçdi, faciəvi illər idi. Sanki tarix XX əsrin sonunda təkrarlanırdı. 1991-1993-cü illərdə Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı. Ölkə idarəolunmaz vəziyyətdə idi. Müstəqilliyimiz formal, şərti xarakter daşıyırdı. Azərbaycan müstəqil siyasət apara bilmirdi. Ölkə daxilində daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da ağırlaşdırırdı. İqtisadi tənəzzül, iqtisadi böhran hökm sürürdü. 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat tərəfindən dövlət çevrilişi vəziyyəti daha da ağırlaşdırırdı. Azərbaycanda vəziyyət kritik həddə çatmışdı. Bundan istifadə edən Ermənistan xalqımıza, gənc dövlətimizə qarşı öz işğalçılıq siyasətini aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdü. Demək olar ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcək müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu\”.

\”Belə bir ağır vəziyyətdə Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərdi, ulu öndər Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi. Ancaq bundan sonra, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət düzəlmiş və Azərbaycan bu ağır vəziyyətdən çıxa bilmişdir. Müstəqilliyimizin ilk illlərində nizami ordu yaradılmamışdı. Ona görə də ulu öndər tərəfindən qəbul edilmiş bir çox önəmli qərarlar əsasında nizami ordunun yaradılması qərarı xüsusi yer tutur\”, – deyə İ.Əliyev əlavə edib.

İnterpress.az