\”Qarabağın azadlığı müharibədən keçir. Biz çalışaq ki, düşmən tərəfə onların maraqlarına xidmət edəcək arqumentlər verməyək. Biz öz ərazimizdə anti-terror əməliyyatları keçirməliyik. Qarabağ bizim ərazimizdir və ərazimizdə anti-terror əməliyyatları keçirmək hüququmuz var\”.
İnterpress.az xəbər verir ki, bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə keçirilən Uluslararası Qarabağ Forumunda çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
O bildirib ki, Azərbaycanın kifayət qədər müasir standartlara cavab verən silahları var: \”Dünənki paradda silahlar nümayiş olundu. Bu silahlar bu dövlətin, bu xalqındır. Azərbaycanın bütün siyasi elitası birləşərək əlbir olmalıdır\”.
A. Nağı qeyd edib ku, Azərbaycan tərəfi Qarabağın işğaldan azad olunması üçün müttəfiq məsələlərinə yenidən baxmalıdır: \”Çünki, Azərbaycan özünə yeni müttəfiqlər tapmalıdır. Ki, Qarabağı işğaldan azad etsin\”.
\”Qarabağ Azadlıq Təşkilatına olan münasibət nədir axı? Bizi rusa, İrana və digər xarici ölkələrə işləməkdə ittiham edirlər. Qoy etsinlər. Gəlin, Avropanın müxtəlif şəhərlərində Qarabağın azadlığı üçün komitələr yaradaq. Koordinasiyalar təşkil edək. Biz də QAT olaraq iştirak edək yardım edək\” – deyə QAT sədri vurğulayıb.
Səid Qərib
İnterpress.az