İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov APA-ya bildirib ki, bu gün Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevlə görüşüb. Hüquq müdafiəçisi Ş. Əsədullayevdən oğlunun həbsi barədə maraqlanıb. Polis generalı cavabında hər kəs kimi oğlunun da qanun qarşısında cavab verməli olduğunu qeyd edib.
“Hamı qanun qarşısında bərabərdir. Oğlumun günahı varsa, cəzasını çəkəcək, yoxdursa, azad olunacaq, – deyə general bildirib.
Qeyd edək ki, aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb.
Hadisədən dərhal sonra məsələyə aydınlıq gətirən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, qeyd edilən faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Eyni zamanda E. Sultanov bildirib ki, Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Tamerlan Əsədullayev Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğludur.
İnterpress.az