Təhsil Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, Təhsil nazirinin müavini F.Qurbanov çıxış edərək son zamanlar univesitet ətrafında cərəyan edən proseslər haqqında məlumat verib.
O, Maliyyə Nazirliyinin apardığı yoxlama və Təhsil Nazirliyinin keçirdiyi akkreditasiya nəticəsində universitetdə nöqsanların aşkarlandığını, kollektivin bəzi üzvlərinin neqativ hallara yol verdiklərini, yoxlama materiallarının prokurorluq orqanlarına göndərildiyini bildirib, bu kimi halların ali məktəbin imicinə ziyan vurduğunu qeyd edib.
Firudin Qurbanov çıxışında təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin vəzifəsindən azad olunduğunu, rektora isə töhmət verildiyini bildirib.
Tədris işləri, həmçinin Elm və texnika üzrə yeni təyin olunmuş prorektorları kollektivə təqdim edən F.Qurbanov rektora universitetin gənc və perspektivli kadrlarla təmin edilməsi, kollektivdəki mənəvi-psixoloji vəziyyətin sağlamlaşdırılması, maliyyə intizamının gücləndirilməsi, tədrisin keyfiyyətinin qaldırılması barədə nazirin tapşırıqlarını çatdırıb. Həmçinin, nazirin əmrinə əsasən, universitet rəhbərliyi tərəfindən Nazirliyin kollegiya iclasında 2015/2016-cı tədris ilinin nəticələrinə dair geniş hesabatın təqdim edilməsinin nəzərdə tutulduğu qeyd olunub.
Təhsil Nazirliyi öz növbəsində bu ali məktəbdəki kadr hazırlığı prosesinin keyfiyyətinin artırılması istiqamətində zəruri addımların atılmasını davam etdirəcək.
İclasda müalicədən yenicə qayıtmış rektor Akif Süleymanov da çıxış edib və rəhbərlik etdiyi kollektivin adından, deyilən iradlardan nəticə çıxaracaqlarını, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsi üçün var gücü ilə çalışacaqlarını bildirib.
İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak edib.
İnterpress.az