Proses başladıqdan sonra dövlət ittihamçısı geniş ittiham nitqi ilə çıxış edərək ibtidai istintaq zamanı L.Yunus və A.Yunusun cinayət əməllərinin tam təsdiqini tapdığını bildirib. Qeyd edilib ki, L.Yunus Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda təşkilatına sədr müavini təyin olunmasına dair hər hansı rəsmi sənədi müvafiq orqanlara təqdim etmədən qurumun Unibankdakı hesablaşma hesabları üzrə əməliyyatları həyata keçirməyə səlahiyyət verən 04 iyun və 21 noyabr 2002-ci il tarixli «İmza və möhür nümunələri vərəqəsi»ndəki şəxsi imzasını notarial qaydada təsdiqlədib.
Daha sonra isə o, çek kitabçasının verilməsinə dair rəsmi sənədin məzmununa guya həmin QHT-nin direktoru olması barədə yalan məlumatlar daxil edib, imzalayıb və banka verərək çek kitabçaları alıb. Təsisçisi və sədri olduğu, lakin dövlət qeydiyyatına alınmamış Sülh və Demokratiya İnstitutunun layihələri üzrə bir neçə donor təşkilatı ilə qrant müqaviləsi bağlayan L.Yunus onları müvafiq icra hakimiyyəti orqanında qeydiyyata aldırmayıb və görülmüş işlərə görə vergiləri ödəməmək üçün Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda təşkilatının adına rəsmiləşdirməklə 159.842,29 manat, 580.978,94 ABŞ dolları, 241.338,49 avro məbləğində pul vəsaitlərinin qurumun bank hesablarına köçürülməsini təmin edib. Daha sonra isə o, “Mühasibat uçotu haqqında” qanunun tələblərini kobud şəkildə pozaraq həmin pul vəsaitlərinin konvertasiya nəzərə alınmaqla 172.959 manat, 596.990 dollar, 262.432,5 avro məbləğində hissələrini kassa çek vərəqləri ilə nağdlaşdırıb və çıxarıb. Bununla da L.Yunus dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə 526.943 manat məbləğində gəlir əldə edib. Lakin o, Vergi Məcəlləsinin 83.9, 101.1, 150.1.7, 159.1, 161.1-ci maddələrinə uyğun olaraq 369.378 manat (136.727,15 manat əlavə dəyər vergisi, 25.319,84 manat mənfəət vergisi, 207.331,52 manat ödəmə mənbəyində tutulan vergi) miqdarında vergiləri ödəməkdən yayınıb. Dövlət ittihamçısı bildirib ki, L.Yunus qanunsuz sahibkarlıq fəaliyyəti göstərməklə dövlətin və Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda təşkilatının mənafelərinə zərər vurub.
Eyni zamanda, L.Yunus əri Arif Yunusla əlbir olaraq 3 xarici donor təşkilatı tərəfindən 2009-2012-ci illər ərzində Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda təşkilatının “Unibank” ASC-də yerləşən 2 hesablaşma hesablarına köçürülmüş 88.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88.468 ABŞ dolları məbləğində hissəsini saxta sənədlərlə nağdlaşdırıb. Bundan sonra L.Yunus həmin pulu 3 dəfəyə (20.000, 31.000 və 20.000 dollar – cəmi 71.000 dollar) özünün həmin bankdakı iki hesablarına mədaxil edib. 2014-cü il aprelin 14-də isə üzərinə gələn faizlərlə birlikdə 78.130,42 ABŞ dolları məbləğində nağd pulu şəxsi hesablarından çıxararaq A.Yunusun “Unibank”dakı hesabına mədaxil edib və dərhal da Praqa şəhərində yerləşən “Sberbank CZ” kommersiya bankındakı şəxsi bank hesabına köçürüb. Beləliklə, L.Yunus donor təşkilatların Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda təşkilatının hesabına köçürdüyü 78.130,42 dolları etibardan sui-istifadə etməklə ələ keçirib. Məhkəmə araşdırması zamanı L.Yunusun bu dələduzluq əməlləri faktlarla sübuta yetirilib.
Dövlət ittihamında Leyla və Arif Yunusların cinayət əməllərini təsdiq edən sənədlərin siyahısı isə, həqiqətən də baş gicəlləndirir. Beləliklə,
– onlarla şahid ifadələri;
– məhkəmə-xətşünaslıq, məhkəmə-mühasibatlıq və məhkəmə-sənədlərin texniki ekspertizasının rəyləri;
– bütün fəaliyyət dövrləri üzrə donor təşkilatları tərəfindən ayrılmış qrant vəsaitlərinə dair aparılmış əməliyyatların qeyri-qanuniliyini təsdiq edən sənədlər;
– vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması faktları və buna dair Vergilər Nazirliyinin, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının səlahiyyətli nümayəndələri ilə birlikdə Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlamasının nəticələrinə dair akt;
– məhkəmə qərarları əsasında «Unibank»dan götürülmüş Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin, Leyla Yunus və Arif Yunusun bank hesablarının açılma ərizələri, imza və möhür nümunəsi vərəqələri, məxaric orderləri, çek kitabçaları barədə ərizələr, müqavilələr, çeklər, fərdi sahibkarların (fiziki şəxslərin) imza nümunələri vərəqələri, L.Yunusunn Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin direktoru və rəhbəri kimi «Unibank» ASC-nin «STB» filialına ünvanlanan müraciətləri, hesablardan çıxarışlar, «Accessbank» açıq səhmdar cəmiyyətindən L.Yunus və A.Yunusun şəxsi hesablarına dair müqavilələr, ödəmə tapşırıqları və digər bank sənədləri;
– Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin təsis, qeydiyyat və qeyri-hökumət təşkilatı kimi fəaliyyətinə dair sənədlər, baxış, axtarış və götürmə protokolları;
– Vergilər Nazirliyinin Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin vergi ödəyicisi kimi uçotda durmaqla VÖEN-ə malik olması və öz fəaliyyəti barədə vergi orqanına “sıfır” hesabatlar təqdim etməsinə dair, o cümlədən L.Yunus və A.Yunusun vergi ödəyicisi kimi uçotda durmamalarına dair sənədlər;
– təqsirləndirilən şəxslərin 2014-cü il mayın 28-də Bakı-Doha aviareysi ilə uçmaq istəyərkən saxlanılan zaman hər ikisinin ölkəni tərk etmək niyyətlərini təsdiqləyən yeni pasportlar, 5 illik «Şengen» vizası, Moskva şəhərindən alınmış elektron biletlər;
– Arif Yunusun mülkiyyətində Türkiyənin Antalya ili Manavgat ilçəsi Örenşehir kəndində 3.539,07 kvadrat metr ölçüyə malik daşınmaz əmlak və torpaq sahəsinin mövcudluğunu təsdiqləyən mülkiyyət şəhadətnaməsi;
– Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti, 125 saylı evin 4 №-li mənzilinə dair dövlət reyestrindən çıxarış;
– Çexiya Respublikasının Praqa şəhəri Letnani küçəsi 5057 ünvanda yerləşən mənzilə dair sənədlər;
– Arif və Leyla Yunusların Almaniyanın «Volksbank», Çexiyanın «Sberbank», Türkiyənin «Yapı Kredi» bank, Azərbaycanın “Accessbank”, “Unibank” banklarında hesablarına dair maliyyə sənədləri;
– daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar;
– həmçinin istintaq qurumuna ünvanlanmış və məhkəmədə tədqiq edilən sair sənədlər L.Yunus və A.Yunusun əməllərində cinayət tərkibinin olduğunu təsdiq edən faktlar və sənədlərdir. Bütün bunlar Yunusova Leyla İslam qızının əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2-ci, Yunusov Arif Seyfulla oğlunun əməlində isə CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmasını tam təsdiq edir.
Dövlət ittihamçısı CPM-nin 38-ci maddəsinə əsasən, Yunusova Leyla İslam qızının Azərbaycan Respublikası CM-nin 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəsi ilə 9 il müddətə azadlıqdan məhrum etmə, CM-nin 192.2.2-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə, CM-nin 213.2.2-ci maddəsi ilə 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə, CM-nin 320.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə və CM-nin 320.2-ci maddəsi ilə 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-nin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaların toplanılması aparılmaqla üzərində qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını istəyib. Dövlət ittihamçısı həm də Yunusov Arif Seyfulla oğlunun CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş əmlakların iş üzrə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsini məhkəmədən xahiş edib.
Bundan sonra, zərər çəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanov çıxış edərək dövlət ittihamçısının çıxışı ilə razı olmasını, sübutlarla yanaşı L.Yunusun məhkəmə baxışı zamanı qeyri-etik davranışlarının da onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmasını istəyib.
Bundan sonra, məhkəmə təqsirləndirilən şəxslərin müdafiəçilərinə çıxış etmək üçün söz verib. Müdafiəçilər müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilməsini xahiş etdiklərinə görə növbəti iclas avqustun 10-na saat 10:00-a təyin edilib. (azadinform)
İnterpress.az