AzNews.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, dənizin çəpərlənməsi və bu qanunsuzluğa göz yumulması ayrı-ayrı şəxslərə qanunun şamil olunmamasının bir nümunəsidir:
“Dənizin çəpərlənməsi Azərbaycan konstitusiyasına ziddir. Dəniz xalqın sərvətidir. İnsanların dənizdən məhrum edilməsi onların konstitusion hüquqlarının pozulmasıdır. Bu ayrı-ayrı şəxslərə qanunun şamil olunmamasının bir nümunəsidir. Buna yol vermək olmaz. Dənizin insanlardan bu qədər məsafə olaraq ayrılması yalnış siyasətdir. Biz də dəfələrlə bunu təklif edirik, məsələni gündəmə gətiririk, amma təəssüf ki, heç bir xeyri, faydası yoxdur”.
Millət vəkili bu qanunsuz əməllərdə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin də rol oynadıqlarını bildirib:
“Bu məsələdə bələdiyyələrin, icra hakimiyyəti orqanlarının da günahı var. Onlar müxtəlif şəxslərin belə qanunsuz əməllərinə göz yumurlar, onlara qarşı lazımı addımları atmırlar. Bu məsələ gündəmdə saxlanılmalıdır və öz həllini tapmalıdır. Ümid edək ki, gələcəkdə bu məsələyə müsbət mənada reaksiya veriləcək”.
İnterpress.az