Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başlanmasına qərar verilib. Ramella Allahverdiyeva bildirib ki, iş üzrə zərərçəkmiş Tural Mustafayev prosesə gəlməyib. O, telefon zənglərinə də cavab vermir. Buna görə zərərçəkmişin məcburi şəkildə prosesə gətirilməsi barədə qərar qəbul edilib.
Xədicə İsmayılova cinayət işinin materialları ilə tanış olmasının təmin edilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub, bildirilib ki, cinayət işinin surəti ona təqdim ediləcək.
Sonra vəkillər vəsatətlərlə çıxış ediblər. Vəsatətlər Tural Mustafayevin iştirakı olmadan prosesə başlanmaması, Xədicə İsmayılovanın məhkəmə zalında şüşə kabinədən çıxarılaraq, vəkillərin yanında oturması və s. ilə bağlı olub.
Vəsatətlər təmin olunmayıb. Hakim bildirib ki, Xədicə İsmayılovanın şüşə kabinədən çıxarılmaması onun öz təhlükəsizliyi ilə bağlıdır.
Sonra prokuror Ramazan Hadıyev ittiham aktını elan edib. İttiham aktına əsasən, Xədicə İsmayılova qanunsuz sahibkarlıqla məşğul olub, külli miqdarda vergidən yayınıb. Həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Xədicə İsmayılova isə ittihamlarla razılaşmayıb, “AzadlıqRadiosu\”nda ancaq efirə gedən materiallara görə məsuliyyət daşıdığını, vergi məsələləri ilə məşğul olmadığını deyib.
Bundan sonra o, dövlət ittihamçısının suallarını cavablandırıb.
Proses nahar fasiləsindən sonra davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “AzadlıqRadiosu” və “Meydan\” TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, “AzadlıqRadiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib.
Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb.
Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir. ( apa )
İnterpress.az