19 saylı Nərimanov birinci seçki darəsindən deputatlığa müstəqil namizəd olan \”Neftçi\”nin keçmiş İdman direktoru Güloğlan Cabbarov Sportinfo.az-ın suallarını cavablandırıb.
– Seçki kampaniyasının gedişatı sizə nə göstərir və nə deyir?
– Yanvarın 17-dən təbliğat-təşviqat kapmaniyasına başlamışıq. Fəaliyyətimiz göz qarşısındadır, hər gün sakinlərlə görüşlər keçiririk. Cənab prezidentin gənclərə çağırışından ilhamlanaraq bir hüquqşünas, idmançı kimi mən də özümü sınamaq qərarına gəlmişəm. Təbliğat-təşviqat kampaniyasında seçicilərlə sadəcə görüşlər keçirmirəm, eyni zamanda onların sosial problemləri ilə maraqlanıram, gələcəkdə üzərimizə nə kimi öhdəliklər düşə bilər – bununla maraqlanıram. 22 ildən artıqdır Nərimanov rayonunda yaşayıram, seçicilərlə çox yaxşı əlaqələrimiz var, bura mənə doğma rayondur. Ona görə çox inanıram ki, parlament seçkilərində qalib gələcəm.
– Milli Məclisdə idman camiəsini təmsil edənlərin sayı çox azdır. Bu məqam şansınızı bir qədər artırır?
– Bəli, parlamentdə bu gün idman camiəsini Adil Əliyev, Ülvi Quliyev təmsil edir. Amma əsas məsələ deputat olmaq deyil. Oraya seçilən insanlar, xalq tərəfindən sevilən olmalıdır. Xalq bu gün onların yanında olan, problemləri ilə maraqlanan, sosial vəziyyətlərinə yardım edə biləcək bir namizəd istəyir.
– Seçicilərlə görüş zamanı ən çox diqqətinizi çəkən hansı problem olur?
– İnsanlar əsasən sosial problemlərinin həll olunmasını istəyirlər. Hərənin bir çətinliyi olur. Biri uçmuş evini düzəltdirmək istəyir, digəri yolun pis olmasından şikayət edir. Təbii, biz də onlara əlimizdən gələn qədər dəstək olmağa çalışırıq. Sakinlərə söz vermişik ki, parlament seçkilərində qalib gəlsək, əhalinin bütün problemlərini Milli Məclisdə qabardacağıq.
– Seçki kampaniyasının gedişində idman camiəsindən lazımi qədər dəstək ala bilirsiz?
– İdman camiəsi mənə həqiqətən çox böyük dəstək verir. Hacı Əliyev, Toğrul Əsgərov, Eduard Məmmədov və bir çox məşhur idmançılarımız sosial şəbəkə paylaşımları ilə də mənə dəstək olduqülarını nümayiş etdirirlər. Bu cür hörmətli, tanınmış idmançıların haqqımda gözəl fikirlər səsləndirməsi, əlbəttə, mənim üçün böyük stimuldur. İdman aləmi tək virtual şəbəkədə deyil, eləcə də real həyatda mənə dəstək olduqlarını deyirlər, yazırlar, zəng edirlər. Onlara da inamım böyükdür. İnşallah, sözlərini axıra qədər deyəcəklər. Mən də onların bir dostu, qardaşı kimi üzərimə düşən vəzifənin öhdəsindən gəlməyə çalışacam.
– O idmançılar sizin seçicilərlə görüşlərinizdə iştirak edirlər?
– Hələ ki, səyyar görüşlər keçirirəm. Belə görüşlərdə çoxluq olmaz. İnsanlarla, seçicilərlə tək-tək görüşmək, onları dinləmək, problemlərinə qulaq asmaq lazımdır. Yaxın günlərdə böyük tədbir keçirməyi nəzərdə tutmuşam. Mənə yaxın, dəstək olan bütün idman adamlarını ora dəvət edəcəm. Əminəm ki, hamısı böyük sevgi, könül xoşluğu və qardaşlıq hissiylə yanımızda olacaqlar.
– Yaxşı bələd olduğunuz futbolda da uzun illər çalışmısız. İndi azarkeşlərin gözlədiyi əsas məsələ futbolun inkişafına dair növbəti dövlət proqramının qəbuludur. Deputat seçilsəz, idmanla bağlı konkret hansı məsələləri ön planda tutacaqsız?
– Parlamentdə təmsil olunsam, Azərbaycan idmanının inkişafı ilə bağlı problemlərin həllində heç bir zaman kənarda qalmayacam. Əksinə, Azərbaycan idmanının daha irəli getməsi, inkişafı üçün bacardığımı edəcəm, bu kimi məsələlərin həllində yaxından iştirak edəcəm. Cənab prezidentimiz İlham Əliyev ötən il qeyd etmişdi ki, idmanın özü də artıq siyasətdir. Bu mənada Azərbaycan idmanının inkişafı hamımız üçün çox vacibdir. Bir insan yalnız idmançı olaraq qalmır. Ölkəni dünyanın idman siyasətində tanıdan, məşhurlaşdıran məhz idmançılardır. Ona görə seçiləcəyim təqdirdə, var gücümlə çalışacam ki, istər futbol olsun, istər olimpiya növü, istərsə də qeyri-olimpiya növləri – Azərbaycan idmanının dünyada sürətli inkişafına nail olaq.