“Camaata deyirəm, silahınız varsa, mənə verin…”backend

“Camaata deyirəm, silahınız varsa, mənə verin…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, kənddə baş verənlərlə bağlı öz bilgilərini və sakinlərdən aldığı məlumatları jurnalistlərlə bölüşür. Elə bizim də Nardarandakı \”gözümüz- qulağımız\” Natiq Kərimovdur.

Dekabrın 3-də \”Yeni Müsavat\”ın reportyoru kəndin mərkəzinə qədər gedə bilib.

Hazırda bütün istiqamətlərdən Nardarana gedən yollarda bir neçə post var. Bu postlardan keçərək kənddə baş verənləri öz gözlərimizlə görməyə çalışdıq. Müxtəlif yollarla bir neçə postdan keçərək kəndin mərkəzi hissəsinə – pir və məscidin olduğu \”Əli meydanına\” yaxınlaşdıq. Meydanın girişində xeyli sayda polis əməkdaşı vardı. Kəndin əsas mərkəzi hissəsi sayılan \”İmam Hüseyn\” və \”Əli meydanı\”ında polislər hər evə, hər şəxsə nəzarət edirlər.

Ara yollarla kəndə yaxınlaşarkən qarşılaşdığımız bir neçə kənd sakinindən məlumat əldə etməyə çalışdıq. Kilometrlərlə yol gəldiyimiz halda cəmi 4-5 nəfərlə qarşılaşa bildik. Küçələrdə insana rast gəlməməyimiz bizi təəccübləndirirdi. Yolu soruşmaq üçün yaxınlaşdığımız insanlar belə bizdən ehtiyatlanırdılar. Yaxınlaşdığımız hər kəs bizə sadəcə yolu göstərirdi. Əlavə suala cavab vermək istəmirdilər.

Nəhayət, yolda bir nəfərlə rastlaşıb söhbət edə bildik. Məlum oldu ki, bu şəxs Nardaran sakini deyil. Məscidə ziyarətə gələn Maştağa sakini \”İmam Hüseyn\” meydanından gəldiyini və yalnız əsgər və polis gördüyünü dedi: \”Meydanda əsgər və polis var. Məscidə ziyarətə getmişdim. Küçələrdə ara-sıra nardaranlı gördüm. Bütün küçələri nəzarətə götürüblər\”.

Ara küçələrlə kəndin mərkəzinə gedərkən yolda Sabunçu Rayon İcra Hakimiyyətinin birinci müavinini gördük. O, kənddəki dini plakatların sökülməsinə, divarların rənglənməsinə nəzarət edirdi. Evlərin qarşısından keçərkən diqqətimizi çəkən qaz və işıq sayğaclarının yararsız vəziyyətdə olması idi. Əksər sayğaclar sındırılıb. Qaz xətləri birbaşa borulara birləşdirilib.

Biz olan yollarda bütün bayraqlar və plakatlar sökülsə də, hələ ki divarlardakı dini şüarlar rənglənməmişdi. Bütün küçələrdə dini şüarlar yazılıb. Demək olar ki, hər evin hasarında belə şüarlarla rastlaşmaq mümkündür. Onu da qeyd etmək lazımdır ki, bu şüarlar hər bir kənd sakininin öz istəyi ilə evinin hasarına yazılıb.

Kəndə çatmağımıza az bir məsafə qalmış Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovla qarşılaşırıq. Bizi öz maşınına dəvət edən N.Kərimov yolun qalan hissəsində bizə yoldaşlıq edəcəyini dedi. Məşədi Natiq kimi bütün kənd sakinlərinin tanıdığı ağsaqqal sükan arxasında olarkən belə zəng edən jurnalistlərin suallarını cavablandırırdı.

Söhbət zamanı məşədi Natiqdən haradan gəldiyini soruşduq. Cavanların kəndə çıxmasının tərəfdarı olmadığını deyən N.Kərimov evə lazım olan ərzağı almaq üçün mağazaya özünün getdiyini dedi: \”İndi kənddə vəziyyət qarışıqdır. Gənclər çölə çıxmasa, yaxşıdır. Hər yerdə əsgər, polis var. Polislər bizimlə rəftar etdiyi kimi gənclərlə rəftar etmirlər. Bizə \”ağsaqqal\” deyə müraciət edirlər. Aksiyadan sonra ən çox gənclər diqqət mərkəzinə düşüblər. Bir də baxırsan ki, polislə gənclər arasında mübahisə düşür. Polis harada gənc gördü, çağırır, sorğu-sual edir. Bəzi gənclərlə aralarında mübahisə olur. Elə ən yaxşısı, onların çölə çıxmamasıdır. Nə lazım olsa, özüm gedib alıram\”.

Yolda gördüklərimizi, əsasən də boş küçələr haqda danışırıq.

– Məşədi, kənddə indi vəziyyət necədir?

– Sakitçilikdir. Hər kəs mümkün qədər evdən çölə çıxmamağa çalışır. Əsasən də cavanlar. Bütün kənd nəzarətdədir. Meydanların, küçələrin, məscidlərin, pirlərin hamısında polis və əsgər var. Keçən il bu vaxt Nardaran küçələri insan qaynayırdı. İmamın 40 mərasiminə minlərlə insan gəlirdi. Meydanlar dolub-daşırdı. Bu gün, təəssüflər olsun ki, Nardaran başqa Nardarandır.

– Bu dəfə mərasim baş tutmadı, deyəsən…

– Yox, icazə vermədilər. 40 mərasimi günorta namazına qədər başa çatdı. Ondan sonra məsciddə heç kim qalmadı. Kənar yerlərdən də çox az adam gəlmişdi. İnsanlar bu vəziyyətdən qorxublar.

– Bəs nə etməyi düşünürsünüz. Vəziyyəti necə dəyişmək olar?

– Məsələni yumşaltmaq lazımdır. Ölənlərin dəfni üçün getməliyik. Həbs olunanlar üçün vəkillər lazımdır. Yaralananlardən xəbər tutmalıyıq.

– Meyitlərlə bağlı müəmma var. Hər kəs məlumatsızdır…

– Meyitlərdən xəbərimiz yoxdur. Mən kəndin pirində də elan etdim ki, dəfn olunanların yerini kim bilirsə, desin. Heç kimin xəbəri yoxdur. Kənd sakini Nazimin oğlu ölüb, meyidi haradadır, bilmir… Qəbristanlığa da baxmışıq. Dəfndə valideynlər də olmayıblar. Ancaq xəbərlərdə deyirlər ki, meyitlər basdırılıb. Bu nə oyundur, baş aça bilmirik…

– Kənddən kimləri aparıblar?

– Saxlanılanlardan xəbər gəlir. Bilmirik, dəqiq olaraq kənddən əməliyyat zamanı kimlər aparılıb. Bəzilərinin adlarını bilirik. Deyirlər ki, başqa bir 30 nəfərlik siyahı da var. Həmin şəxslərdə də silah olduğu deyilir. Biz də istəmirik ki, qarşıdurma olsun. Əgər ki, kimdəsə silah varsa, təhvil verməlidir. Deyirəm camaata ki, əgər silahınız varsa, verin mən aparım təhvil verim. Biz əməliyyatlara etiraz etmirik. Nə istəyirlərsə, etsinlər. Şərait də yaratmarıq ki, kimlərsə buna qarşı gəlsin. Amma bəzi məsələlərdə hökumət doğru addım atmadı. Əvvəlcə bayraqları çıxardılar. Sonra divardakı kəlamları rənglədilər.

– Sakinlər daha çox nədən narazıdırlar?

– İmamın 40 mərasiminə imkan vermədilər. Məscidləri boşaltdılar, camaat da əlbəttə, narazıdır. Qara bayraqları yığışdırdılar. Biz onsuz da Məhərrəmlikdən sonra yığışdıracaqdıq. Daha sonra divarlardakı dini şüarları rənglədilər. Axı yazılanların nəyi pisdir? Peyğəmbərin hədisləri, imamların kəlamları yazılmışdı. Meydanlarda asılan plakatları, bayraqları kənd camaatı öz hesabına düzəldib. Elə abadlıq işlərini də. Nə icra, nə də bələdiyyə pul xərcləyib. Meydanlarda Azərbaycan bayrağını ən uca zirvəyə asmışdıq. Mübariz İbrahimovun şəkli də var idi. İndi bizim plakatları, şüarları sökdülər. Biz bunu yenidən edə bilərik. Buna gərək yox idi. Bəzi insanlara deyiblər ki, üzünüzü qırxın. Yaxşı, indi qırxdı. Bu tükdür də, üzdən çıxır. İndi qırxacaq, sonra yenə çıxacaq. Belə şeylərə camaatı məcbur etmək olmaz.

– Sizcə, məsələnin bu həddə çatmasına, hadisələrin bu şəkildə cərəyan etməsinə səbəb nə oldu? Qan tökülməsinin qarşısını almaq mümkün idimi?

– Kənddə əməliyyat keçirilərkən səhvə yol verildi. Kaş ki, əvvəlcədən ağsaqqallara xəbər verilərdi. Onların hamısını polisə çağırardılar. Biz istəmərik ki, balalarımıza nəsə olsun. Polis də, əsgər də bizim balalarımızdır. Lap başdan bu məsələnin həll yolunu danışıqla aparmaq lazım idi. Kaş ki, belə olmayaydı…

Elə əməliyyatdan sonra da danışıq olmalı idi. 3 gün kənd meydanında aksiya oldu. Orada da bəzi insanlara nəzarət etmək mümkün olmadı. Başqa yerlərdən bizim dərdimizə şərik olmağa gələnlər də var idi. Amma gələnlər arasında tanımadığımız, məqsədli şəkildə gələn və aranı daha da qızışdıran şəxslər var idi. Bunu sonradan bildik. Vəziyyət artıq nəzarətdən çıxmışdı. Belə vəziyyətdə insanları sakitləşdirmək asan olmur.

N.Kərimovla söhbətimizdən sonra \”Əli meydanı\”na bir az da yaxınlaşmaq istəyirik. Lakin bunun mümkün olmadığını görüb, dalanlardan birində bir az gözləməyə başlayırıq. Bu zaman qapını açan kənd sakini bizim oradan uzaqlaşmağımızı tələb edir. Jurnalist olduğumuzu bildikdən sonra isə bu israrını daha da artırır: \”Gedin başqa yerdə dayanın. İndi sizə görə polislər gələcəklər bura. Başlayacaqlar bizi də sorğu-sual etməyə. Onsuz da 3 gündür bu vəziyyətdəyik. Bu baş verənlər bizə lazım deyildi. Heç sizin də nə isə yazmağınız bizə lazım deyil. Gedin buradan…\”

Olanları izləyən təxminən 18-19 yaşlı gənc isə gülərək bizə yaxınlaşdı. Həmin gənc bizi evlərinə dəvət etdi. Bu təkliflə razılaşmadıq, amma onların evinin qarşısında dayanmağa bizə icazə verdiyi üçün ona təşəkkür etdik. Onu küçədə gördüyümüzə təəccübləndiyimizi deyərək söhbətə başladıq.

– Sən yaşda gənci yolda ilk dəfədir gördük. Heç kim küçəyə çıxmır.

– Elə mən də. İndi evimizin həyətindən sizin səsinizi eşitdik. Çıxdım söhbətinizi eşitdim.

– Polislər sizin evə də gəliblər?

– Yox. Deyirlər ki, siyahı var. Özləri bilirlər ki, kimin evini və kimləri yoxlamaq lazımdır. Mən kimə nə etmişəm ki? Qaz yox, işıq yox… Bütün günü evdəyik. Həyətdə ocaq yandırıb çay qaynadırıq, yemək bişiririk.

Onunla sağollaşdıqdan sonra geri qayıtmaq üçün yenidən Nardaranın səssiz və kimsəsiz küçələrinə üz tuturuq. İndi Nardaran küçələrində səssizliyi yalnız polis maşınlarının hərəkəti pozur…

Interpress.az