İnterpress.az Sputnik-ə istinadən xəbər verir ki, son illərdə İranın xarici siyasətində ən çox diqqət çəkən məqamlardan biri Rusiya ilə olan yaxınlaşmadır.
Bu yaxınlaşmanın strateji həmlə yoxsa həqiqi dostluq olması tam anlaşılmasa da, Moskva ilə Tehran arasındakı əlaqələr Vladimir Putinin 23 noyabrda Tehrana səfəri ilə daha da güclənmiş kimi görünür.
Putinin Tehran səfərinin əsas məqsədi, İran-Rusiya əlaqələrini qərbin təsirindən qorumaqdır. Çünki qərb ölkələri ilə olan “Nüvə müqaviləsi”ndən sonra İranın Rusiyaya olan iqtisadi və siyasi asılılığı azalmışdır.
Rusiyanın Yaxın Şərqdə daha aktiv siyasət aparması üçün İranla sıx yaxınlaşma Moskva üçün olduqca vacibdir.
Mövzuya İran tərəfdən baxdıqda, Rusiya da Tehran üçün etibarlı və itirilməz müttəfiqdir. Çünki İranlı rəsmilər Qərb ölkələri və liderlərinə qarşı sərt ittihamlar səsləndirəndə hər zaman Rusiyaya arxalanır və Kremlin dəstəyini hiss edirdilər. Bu özü, İranı Rusiya ilə yaxınlaşmaya vadar edirdi.
Bu dövlətlər arasında olan yaxınlaşmanı daha yaxşı anlamaq üçün məsələnin iqtisadi tərəflərinə də baxmaq lazımdır. Rusiya və İran hökumətləri, hazırda iki ölkə arasında 2 milyard dollar olan ticarət həcmini qısa müddətdə 4 milyard dollara çıxarmağı hədəfləyirlər.
Rus şirkətlərinin İrandakı sərmayələrini dəstəkləmək üçün Tehranın 7-8 milyard dollar kredit ayırdığını yada salmaq kifayət edər.
İranın, Vladimir Putinin rəhbərliyində qurulan Avrasiya İqtisadi Birliyinə və Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəməsi əbəs deyil.
İki ölkə arasında regional əməkdaşlığın ən güclü nümunəsi Suriya məsələsində özünü göstərir. Moskva və Tehran artıq 5 ilə yaxındır ki, Suriya siyasətini koordinasiyalı şəkildə icra edir. Rusiya Suriyada hərbi əməliyyatlara başlayanda İrandan açıq dəstək gəldi. Hətta İraq, İran, Rusiya və Bəşər Əsəd rejimi, terrorizmə qarşı mübarizəni koordinasiya etmək üçün, Bağdadda ortaq informasiya mərkəzi qurdular.
Türkiyənin rus döyüş təyyarəsini vurmasından sonra, Tehranın Rusiyanı dəstəkləməsi və Ankaranı qınaması da anlaşılandır.
İranla Rusiyanın yaxınlaşmasını Sputnik-ə şərh edən politoloq Qabil Hüseynli, regionda cərəyan edən hadisələrin bu iki dövləti birləşməyə vadar etdiyini deyib:
“Amerika başda olmaqla, NATO Rusiyanı təkləyib. Alyans cənubi Qafqaza doğru irəliləməyi qarşısına məqsəd qoyub. Belə olan təqdirdə, Rusiyaya anti-amerika müttəfiq lazımdır ki, bu da İrandır. Bu gün İranda mühafizəkar dindarlar hakimiyyətdədir. Və onlar Qərbə meydan oxuyurlar. Ona görə, Rusiyanın mövqeyi İranın mövqeyilə uyğun gəlir”.
Qabil Hüseynlinin sözlərinə görə, hazırda yaxın şərqə hökmranlıq üzrə ciddi mübarizə gedir:
“Yaxın Şərq neft deposudur. Neft və qazın 70-80 faizi bu bölgədə yerləşir. Rusiya strateqləri belə hesab edir ki, İranla anlaşıb aralarında pay bölgüsü apara bilsələr Yaxın Şərqi bütünlükdə ələ keçirə bilərlər”, deyə politoloq əlavə edib.
İnterpress.az