Bu gün Tovuz döyüşlərinin başlamasından iki il keçir.
İnterpress.az xəbər verir ki, 2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozublar.
Ermənilər mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstəriblər. Düşmən əvvəlcə yüngül atıcı silahlardan, 60, 82, 120 millimetrlik minaatanlar və daha iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi – Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü kəndlərini – atəşə tutub
Düşmənə qarşı cavab tədbirlərinin görülməsi ilə bağlı komandanlıq tərəfindən bu istiqamətdə yerləşən bölmələrə dərhal əmr verilib.
Görülən tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb, onun müdafiəsinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikaları və yüzədək canlı qüvvəsi məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətdən gizlədib.
Əldə olunan məlumata görə, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən erməni əsilli döyüşçülər də olub. Bu kateqoriyadan olan şəxslər Ermənistanda rəsmi qeydiyyata alınmadıqları üçün erməni hərbi rəhbərliyinə bu itkiləri gizlətmək daha asan olur.
İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-i axşam saatlarınadək davam edib. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.