Hindistandan Ermənistana dəstək: “Rəsmi Bakı Dehliyə qarşı cavab addımları atmalıdır”backend

Hindistandan Ermənistana dəstək: “Rəsmi Bakı Dehliyə qarşı cavab addımları atmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Ermənistana təxminən 250 milyon dollar dəyərində silah-sursat göndərəcək. Belə ki, sentyabrın əvvəlində iki ölkənin hökumətləri arasında müvafiq müqavilələr imzalanıb. Müqavilələrin dəyəri açıqlanmasa da məlumata görə, 20 milyard rupidən danışmaq olar. Dollarla hesabladıqda isə bu 244 milyondan çox təşkil edir. Sifariş yerli istehsal olan “Pinaka” raket sistemlərinin ilk ixracını əhatə edir. Həmçinin razılaşmanın bir hissəsi olaraq Hindistan Ermənistana tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar da verəcək.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, Hindistanın xüsusilə də tərəflər arasında gərginliyin hələ də davam etdiyi bir zamanda Ermənistanı dəstəkləməsi qəbuledilməzdir:

“Hindistan ilə Azərbaycan arasında əslində tarixi əlaqələr genişdir. Xüsusilə Azərbaycanda Hindistan mədəniyyəti sevilən, sayılan, hörmət edilən bir mədəniyyətdir. Bununla belə rəsmi Yeni Dehlinin Bakıya qarşı mövqeyinin mənfi mənada dəyişdiyi aydın sezilir. Bunun bir neçə səbəbi var. Birincisi, din amilidir. Hindistanın hazırda yürütdüyü ermənipərəst siyasətinin əsasında bu ölkənin islamofob hakimiyyətinin mövqeyi dayanır. Hindistanın hakim radikal, millətçi “Bxaratiya Canata” (BJP) partiyası və onun lideri Narendra Modi uzun müddətdir ki, islamafob və nasist siyasət yeridir. Sonuncu dəfə isə hakim partiyanın sözçüsü Naveen Kumar Jindal Twitterdə Məhəmməd peyğəmbəri təhqir edən paylaşımına böyük reaksiya almışdı.

İkincisi, Azərbaycanın Pakistan ilə münasibətləri və Kəşmir məsələsidir. Aydın məsələsidir ki, son illərdə Pakistan ilə Azərbaycan arasında münasibətlər sürətlə və çoxşaxəli surətdə inkişaf edir. İki ölkə arasında imzalanan hərbi siyasi müqavilələr Hindistanı narahat edir. Halbuki Azərbaycan hər zaman Kəşmir münaqişəsinin beynəlxalq hüquq əsasında dinc yolla həllini dəstəkləyib.

Hesab edirəm ki, rəsmi Bakı Dehliyə qarşı cavab addımları atmalıdır. Azərbaycan Hindistanın riyakar və ermənipərəst siyasətindən nəticə çıxarmalı, siyasi və hərbi sahədə Çinlə əməkdaşlığını daha da gücləndirməlidir. Azərbaycan, Türkiyə və Pakistan ilə münasibətləri daha da sıxlaşdırmalı bu yolla Hindistanın riyakar siyasətinə adekvat cavab verməlidir. Azərbaycan cəmiyyəti Ermənistana dəstək verən Hindistanın əsl simasını aydın görməli, bu ölkənin maddi və mədəni istehsalını baykot etməlidir. Azərbaycan Kəşmir münaqişəsindəki mövqeyini Pakistanın lehinə gözə çarpacaq şəkildə dəyişməli bu istiqamətdə Çin Hindistan ilə əlaqələri inkişaf etdirməlidir”.