“İran və Rusiya ilə münasibətlərin gərginləşməsi qaçılmazdırsa, ölkə olaraq buna hazırlaşmalıyıq”.
Bu sözləri İran və Rusiyanın Azərbaycana qarşı tutduğu mövqeyə münasibət bildirən ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hər iki ölkə ilə münasibətlərin gərginləşməsinin davam edəcəyi gözləniləndir. Çünki hər iki qonşumuz öz maraqları çərçivəsində regionda qalıcı və ədalətli sülhün bəqrərar olmasını, Azərbaycan-Ermənistan arasında məsələlərin birdəfəlik həllini istəmir:
“Əgər qarşıdurma və münasibətlərin gərginləşməsi qaçılmazdırsa, ölkə olaraq buna hazırlaşmalıyıq. Hər iki qonşunun ölkənin daxilinə müdaxilə etmək üçün kifayət qədər alətləri, təxribatlar törətmək təcrübəsi və resursları var. Şimaldan gələn təsirlər daha çox hakimiyyətin içində olan “5-ci kolon” vasitəsi ilə təhlükələr törədə bilərsə, cənubdan təsirlər birbaşa bizim vətəndaşlara, onların dünya görüşünə və davranış qaydalarınadır. Azərbaycanın qarşısında böyük çağırışlar, təhlükələr, həm də tarixi fürsətlər var. Məmləkəti təhlükələrdən sığortalamağın ən effektiv yollarından biri işlək, ideoloji siyasi partiyaların sağlam rəqabəti və dövlət maraqlarının müdafiəsində birgə fəaliyyət platformalarının yaranmasıdır. Ümid edirəm ki, Milli Məclisdə ilkin müzakirə olunan “Siyasi Partiyalar haqqında” qanun layihəsi bu təhlükələri önləmək məntiqi ilə hazırlanacaq”.