Almaniya iqtisadiyyatı üçüncü rübdə 0,1 faiz kiçildibackend

Almaniya iqtisadiyyatı üçüncü rübdə 0,1 faiz kiçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya iqtisadiyyatı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə yüzdə 0,1, keçən ilin eyni rübünə görə isə 0,4 faiz kiçilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Almaniya Federal Statistika İdarəsi (Destatis) Almaniya iqtisadiyyatı ilə bağlı yekun artım məlumatlarını açıqladı. Buna görə Almaniyada mövsüm və təqvim təsirlərindən təmizlənmiş ümumi daxili məhsul (ÜDM) ilin üçüncü rübündə bir əvvəlki rüblə müqayisədə yüzdə 0,1 azalıb. Beləliklə, Destatis oktyabrın 30-da ilkin məlumatlarla açıqladığı 0,1 faizlik daralmanı təsdiqləyib.

Avropanın ən böyük və dünyanın 4-cü iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı ilin birinci rübündə inkişaf edə bilməsə də, ilin ikinci rübündə 0,1 faiz genişlənib.

“2023-cü ilin ilk yarısında zəif iqtisadi inkişafın ardınca Almaniya iqtisadiyyatı ilin ikinci yarısına performansda bir qədər azalma ilə başladı”, Destatis prezidenti Ruth Brand deyib.

Ölkədə ÜDM ötən ilin üçüncü rübü ilə müqayisədə 0,4 faiz azalıb. Rüblük əsasda nəzərə alındıqda, xüsusilə ev təsərrüfatlarının istehlak xərclərindən ÜDM-ə mənfi töhfə olmuşdur. Üçüncü rübdə özəl xərclər əvvəlki rüblə müqayisədə 0,3 faiz azalarkən, dövlət xərcləri 0,2 faiz artıb.

Maşın və avadanlıqların xərclərində 1,1 faiz, tikinti investisiyalarında isə 0,4 faiz artım müşahidə olunub. Eyni dövrdə mal və xidmət ixracı 0,8 faiz azalıb.

Almaniya Mərkəzi Bankı (Bundesbank) zəif xarici tələb və keçən ilki enerji qiymətləri şokunun nəticələrinin istehsalı yavaşlatması səbəbindən Almaniya iqtisadiyyatının 4-cü rübdə daralacağını gözləyir.

Əgər Almaniya iqtisadiyyatı son rübdə kiçilirsə, o, iki ardıcıl mənfi rübdə daralaraq texniki tənəzzülə düşəcək.