Azad edilmiş ərazilərdə indiyədək 109 552 mina və digər partlayıcı qalıqlar aşkarlanıbbackend

Azad edilmiş ərazilərdə indiyədək 109 552 mina və digər partlayıcı qalıqlar aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son üç il ərzində azad edilmiş ərazilərdə 109 552 mina və digər partlayıcı qalıqlar aşkarlanıb.

Bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 111 207 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Bir sözlə, ümumilikdə, 109 552 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 753 piyada əleyhinə mina, 18 531 tank əleyhinə mina və 60 268 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

V.Süleymanov bildirib ki, Azərbaycan qlobal miqyasda minalarla ən çox çirklənmiş ölkələr arasındadır: “Belə ki, onun ən mühüm regionlarında hələ də minaların və müharibənin partlayıcı qalıqlarının izlərinə rast gəlinir. Azərbaycanın işğal olunmuş ərazilərinin düşmən əsarətindən azad edilməsindən sonra aparılan araşdırma və tapıntılar nəticəsində mina ilə çirklənən ərazilərin sahəsinin nəzərdə tutulandan daha böyük olması müəyyən edilib. Təyinat yeri müəyyən edilməmiş minalar və müharibənin partlayıcı qalıqları vətəndaşlarımızın rifahı və yerlə-yeksan edilmiş işğaldan azad olunmuş ərazilərin davamlı inkişafı üçün ciddi problemlərin yaranmasına səbəb olur. Minaların ətraf mühitə təsiri olduqca böyükdür. İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kv.km-ə yaxın ərazi minalarla çirklənib”.