“Artıq ölkəmizdə kəndlə şəhər arasında heç bir fərq qalmayıb”.
İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.
Onun sözlərinə görə, regional məsələlər Ümummilli Lider Heydər Əliyevin əsas diqqət etdiyi sahələrdən biri olub: “Sovet dövründə Azərbaycan aqrar, sosial, kənd təsərrüfatı və bir çox sahələrdə ən geridə qalan ölkə idi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsində sonra Azərbaycan aqrar, sənaye, sosial, kənd təsərrüfatı və digər bütün sahələrdə inkişaf etməyə başladı. Ölkədə fabrik və zavodlar fəaliyyətə başladı, müxtəlif sahələrdə reformasiyalar həyata keçirildi. Azərbaycanın dağılmış sənaye müəssisələri yenidən işə salındı. Azərbaycanlı gənclər dövlət hesabına xaricə oxumağa göndərildi və bununla da Azərbaycanda kadr potensialı yaradıldı. Bu gün ölkə Prezidenti İlham Əliyevin də Azərbaycanın inkişafı üçün atdığı addımları, görülən işləri hər kəs görür. Prezidentin apardığı quruculuq siyasəti nəticəsində artıq kəndlə şəhər arasında heç bir fərq qalmayıb və bütün bu islahatlar Azərbaycanı regionun lider ölkəsinə çevirib”.