Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyənin Şanlıurfa şəhərinə səfəri davam edir.
İnterpress.az xəbər verir ki, səfər çəçivəsində Şanlıurfa Böyükşəhər Bələdiyyə Başçısı Zeynel Abidin Beyazgül ilə görüş keçirilib.
Görüş zamanı Azərbaycan-Türkiyə arasında artan xətlə inkişaf edən siyasi, iqtisadi, mədəni və sosial əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, bu kimi səfərlər hər iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün uğurludur.
Söhbət zamanı həm Azərbaycan, həm də Türkiyə xalqının tarixən bir-birinə bağlı olması, iki qardaş ölkənin xalqlarını birləşdirən dəyərlərin eyni olması və bu dəyərlərin qorunub saxlanılmasının vacibliyi vurğulanıb.
Görüş çərçivəsində Azərbaycan-Türkiyə Evi arasında geniş mədəni əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində razılıq əldə olunub.
Bununla bağlı platformanın yaradılması və hər iki ölkənin nümayəndələri arasında qarşılıqlı səfərlərin təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra Şanlıurfa Böyükşəhər Bələdiyyə Başçısının adından nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət təşkil olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.