Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bəyan edib ki, Qəzzada gözlənilən humanitar fəlakətin qarşısını ancaq davamlı sülh ala bilər. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Qərargahı Romada olan ÜƏP-dən bildirilib ki, Qəzzada hərbi əməliyyatların yenidən başlaması, onsuz da mülki əhalini əzməkdə olan fəlakətli aclıq böhranını daha da gücləndirəcək.
Bəyanatda qeyd olunub ki, ÜƏP və tərəfdaşlarına yardım əməliyyatlarını genişləndirmək üçün bir qədər təhlükəsiz mühit təmin edən 7 günlük humanitar fasilə, sığınacaqlar xaricindəki paylama məntəqələrinin sayını iki dəfə artırmağa və qidaların bəzi əlçatmaz yerlərə paylanmasına imkan verib.
Qeyd olunub ki, ÜƏP cəmi bir həftə ərzində təxminən 250 min insana çatıb.
Bəyanatda yenilənmiş münaqişə vəziyyətinin yardımın paylanmasını böyük ölçüdə qeyri-mümkün etdiyi vurğulanır və aşağıdakı ifadələr yer alır:
“Hər şeydən əvvəl, bu, yeganə sağ qalma mənbəyi ərzaq yardımı olan Qəzzanın 2 milyondan çox əhalisi üçün fəlakətdir. Humanitar işçilərin təhlükəsiz, maneəsiz və davamlı çıxışı olmalıdır ki, biz həyati xilasedici yardımı regionda paylaya bilək.”
Bütün tərəflər beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidir. Yalnız davamlı sülh əzablara son qoya və Qəzzada gözlənilən humanitar fəlakətin qarşısını ala bilər. ÜƏP humanitar atəşkəsə çağırır və bütün liderləri bu dəhşətli münaqişənin hər iki tərəfindəki ailələrin iztirablarına son qoyacaq siyasi həll yolları tapmaq üçün təcili işləməyə çağırır.