Hidrosefaliya Nədir? Hidrosefaliya Əməliyyatı Effektlidir?backend

Hidrosefaliya Nədir? Hidrosefaliya Əməliyyatı Effektlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hidrosefaliya beyin mədəciklərində, yəni beyin içərisində maye ilə dolu boşluqlarda anormal şəkildə beyin və onurğa-beyin mayesinin yığılması halıdır. Serebrospinal maye beyin və onurğa beyni ətrafındakı boşluqlarda olan bir mayedir. Bu maye ümumiyyətlə beyin və onurğa beyni toxumalarını dəstəkləyir, qoruyur və qidalandırır.

Normal şəraitdə onurğa beyni mayesi qan dövranı sisteminə bənzər şəkildə çalışır. Hərəkətə beyin mədəciklərindən başlayır, beyni və onurğa beynini əhatə edir, onurğa beynindən keçir, sonra sorulur və bədənə geri qayıdır. Ancaq hidrosefaliya xəstəliyində bu sistem sanki bloklanır və ya sıradan çıxır ki, bu da onurğa beyni mayesinin yığılması və təzyiqin artması ilə nəticələnir.

Hidrosefaliyanın əlamətləri nələrdir?

Hidrosefaliyanın əlamətləri vəziyyətin şiddəti və pasiyentin yaşına bağlı olaraq dəyişir. Bioloji Təbabət Klinikasının həkimləri bildirir ki, xəstəliyin baş vermə sürəti də simptomlara təsir edir.

Gəlin, hidrosefaliyanın bəzi simptomları ilə tanış olaq:

Baş ağrısı. Hidrosefaliyanın ən çox görülən simptomlarından biri baş ağrısıdır. Bu baş ağrıları adətən səhərlər güclənir və insan yuxudan oyandıqdan sonra yox olur.

Ürək bulantısı və qusma. Hidrosefaliya beyin təzyiqinin artmasına və ürək bulanmasına səbəb ola bilər. Bu isə bir çox hallarda qusma ilə nəticələnir.

İştahasızlıq və zəiflik. Hidrosefaliyanın səbəb olduğu baş ağrıları, ürəkbulanma və qusma iştahasızlıq və kilo itkisinə səbəb ola bilər.

Böyüyən kəllə. Körpələrdə kəllə böyüməsi hidrosefaliyanın əlamətlərindən biri hesab olunur.

Zehni dəyişikliklər. Hidrosefaliya təzyiq səbəbiylə zehni dəyişikliklərə səbəb ola bilər. Bu, diqqət əskikliyi, yaddaş itkisi və konsentrasiya çətinlikləri kimi simptomlarla özünü biruzə verir.

Klinikanın həkimləri bildirir ki, simptomlardan hər hansı biri aşkar edilərsə, dərhal müayinə olunmaq lazımdır. Çünki bu xəstəlik erkən diaqnoz və müalicə ilə idarə oluna bilən və müalicə edilə bilən xəstəlikdir.

Hidrosefaliyanın diaqnozu necə qoyulur?

Hidrosefaliyanın diaqnozu xəstəliyin yaşına görə dəyişir. Belə ki, hamiləlik dövründə həyata keçirilən müntəzəm prenatal ultrasəs müayinəsi ilə inkişaf etməkdə olan döldə hidrosefaliyanı aşkar etmək mümkündür.

Həmçinin doğuşdan sonra körpənin baş ətrafı mütəmadi olaraq ölçülür. Baş ölçüsündə hər hansı bir anormallıq aşkarlanarsa, o zaman daha ətraflı müayinələr tələb edilir. Bioloji Təbabət Klinikasının həkimləri qeyd edir ki, bu müayinələrdə neyrosonoqrafiya, yəni beynin ultrasəs müayinəsi aparılır. Əgər bu müayinədə də hansısa şübhəli hal olarsa, daha ətraflı nəticələr üçün MRT və ya CT edilir.

Daha da böyük uşaqlar və böyüklərdə isə diaqnoz üçün öncəliklə xəstənin xəstəlik tarixçəsi araşdırılır, indiyə qədər yaşadığı simptomlar öyrənilir. Daha sonra fiziki və nevroloji müayinə aparılır. Ən sonda isə CT və ya MRT kimi skrininq testləri tələb olunur.

Hidrosefaliya necə müalicə olunur?

Hidrosefaliyanın müalicəsi adətən cərrahi müdaxilə tələb edir. Klinikanın həkimləri bildirir ki, ən çox görülən müalicə üsulu beyin mədəciklərində yığılan artıq beyin-onurğa beyni mayesini başqa istiqamətə yönəltmək məqsədi daşıyan şunt əməliyyatıdır. Şunt bir boru və klapandan ibarət sistemdir. Bu boru artıq mayenin beyindən digər bədən hissəsinə yönəldilməsinə kömək edir ki, bu da beyində yığılan mayenin təzyiqini azaldır. Alternativ cərrahi üsul olan endoskopik üçüncü ventrikulostomiya (ETV) birbaşa beyin mədəciklərinə bir dəliyin açılmasını əhatə edir.

Cərrahi müdaxilələrlə yanaşı müalicə planında xəstənin vəziyyətindən və simptomlarından asılı olaraq dərmanlar və ya digər dəstəkləyici müalicələr də yer alır. Ümumi olaraq müalicənin effektli olması xəstəliyin səbəbindən, xəstənin ümumi sağlamlıq vəziyyətindən və cərrahi müdaxilənin gedişatından asılıdır. Bioloji Təbabət Klinikasının həkimləri uzunmüddətli müayinə və nəzarətin də vacibliyini vurğulayır. Çünki hidrosefaliya təkrarlanan və müntəzəm sağlamlıq müayinələri tələb edən xəstəlikdir.