Belə rəqiblərə qarşı oyunlar bizim üçün böyük təcrübədi. Öz üzərimizdə çox işləməliyik.
Bu sözləri açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Seymur Məmmədov İngiltərə (1:5) və Ukraynaya (0:3) uduzduqları Avropa çempionatının seçmə mərhələ matçları barədə danışarkən deyib.
Hər iki görüşdə 90 dəqiqə meydanda olan müdafiəçi qarşılaşmaların ağır keçdiyini bildirib: “Rəqiblərin gücü bəlli idi. Ukrayna əbəs yerə qrup lideri deyil. Hər iki komandanın həm zəif, həm də güclü tərəflərini təhlil etmişdik. Belə oyunlarda ani boşluq verəndə qarşındakı yığmalar tez istifadə edirlər”.
Məmmədov hər iki matçda qol imkanlarının olduğunu, lakin yararlana bilmədiklərini vurğulayıb: “Daha 4 görüşümüz var. Onlardan biri evdə, üçü səfərdə olacaq. Azarkeşləri və xalqımızı bu oyunlarda sevindirmək niyyətindəyik”.
U-21-in digər üzvü Camal Cəfərov matçların maraqlı keçdiyini söyləyib: “Çox təcrübə topladıq. Səhvlərimizin üzərində işləyəcəyik və növbəti matçlara köklənəcəyik. Növbəti 4 görüşün hər birində əlimizdən gələni edəcəyik və qələbə üçün oynayacağıq”.