Araşdırmalar göstərir ki, yol-nəqliyyat hadisələrinin əksəriyyətinə yüksək sürət səbəb olur. Müxtəlif addımlar atılsa da, sürət həddini aşanlar var və nəticə təəssüf ki, faciələrin artan sayında özünü göstərməkdədir. Bunun qarşısını almaq üçün dünyada tətbiq edilən müxtəlif texnologiyalar Azərbaycanda da mövcuddur.
İnterpress.az xəbər verir ki, artıq sürət həddini göstərən yeni radar sistemi, daha dəqiq desək, elektron tablo Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılıb. Bu cür radar sisteminin artıq bir çox ölkədə quraşdırıldığı və çox məşhur olduğu bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsindən bildirilib ki, elektron tablonun quraşdırılmasında məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və qaydalara əməl etməsidir. Yaxın günlərdə quraşdırılan lövhələr aktivləşdiriləcək. Bu cür lövhələrin digər ərazilərdə də quraşdırılması nəzərdə tutulub.