İtkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olundu – Tanışı tutuldubackend

İtkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olundu – Tanışı tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində cari ilin mart ayında itkin düşmüş Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Könül Ağayevanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb.

Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.