Avqustun 13-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafoə Nazirliyi məlumat yayıb.
Türkiyəli qonaqları salamlayan Baş direktor onları ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib, bu cür görüşlərin qardaş ölkə ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Cənab H.Görgün isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin ordularımızın müdafiə qüdrətinin artırılması baxımından faydalı olacağını əminliklə qeyd edib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcı və bu ölkənin aparıcı hərbi sənayə şirkətlərinin rəhbər heyətinin də iştirak etdiyi görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Türkiyə nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə ilə görüşüb. Qonaqlara Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinin yaranma tarixi, icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.